DÜNYA
BP-nin bəzi neft emalı zavodlarını satacağı iddia edilir
Bakı, 30 mart, Nihad Budaqov, AZƏRTAC
Mərkəzi ofisi Londonda yerləşən enerji şirkəti BP-nin bəzi neft emalı zavodlarını satışa çıxaracağına dair məlumatlar yayılıb.
AZƏRTAC İngiltərə KİV-lərinə istinadla xəbər verir ki, BP portfelindəki zavodların bəzilərini sataraq mövcud əməliyyatlarını modernləşdirməyi planlaşdırır. BP-nin bəzi zavodların satışından əldə ediləcək gəliri mövcud əməliyyatların modernləşdirilməsi ilə yanacaqdoldurma stansiyaları şəbəkəsinin genişləndirilməsində istifadə etməyi planlaşdırdığı qeyd olunub.
Şirkətin bu strategiya ilə ümumilikdə 2,4 milyard funt sterlinq əlavə gəlir əldə edə biləcəyi bildirilir.
Xatırladaq ki, BP ötən il 2,5 milyard dollar xalis mənfəət əldə edib. Şirkətin 2015-ci ildəki mənfəəti isə təxminən 6 milyard dollar olub. BP keçən il 2010-cu ildə Meksika Körfəzindəki qazma quyusunda baş verən neft sızıntısı ilə əlaqədar 20 milyard dollar təzminat ödəməyi qəbul edib.