SİYASƏT
Brüsseldə Azərbaycanın regiona davamlı sülh vəd edən təşəbbüslərinə qarşı Ermənistan alternativ təqdim edə bilmədi – RƏY
Bakı, 15, AZƏRTAC
Avropa İttifaqı Şurasının Prezidentinin təşkilatçılığı ilə Azərbaycan Respublikasının Prezidenti və Ermənistanın Baş naziri arasında Brüssel formatında sayca beşinci görüş Azərbaycan üçün müsbət məqamlarla yadda qaldı. Bu görüş iki ölkə arasında normallaşma gündəliyinin irəlilədilməsi baxımından faydalı və nəticə yönümlü hesab edilir.
AZƏRTAC xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı Vüqar İskəndərov söyləyib.
Əvvəla Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü bu dəfə Avropa İttifaqı platformasında etiraf etdiyini vurğulayan deputat deyib: “Bəlli olduğu kimi, görüşdə Azərbaycan tərəfinin regionda sülh və sabitliyin təmin edilməsi ilə bağlı prinsipial mövqeyi bir daha tərəf-müqabillərin diqqətinə çatdırılıb. Xüsusilə dövlətlərin ərazi bütövlüyünə hörmətin bir daha təsbit edilməsi, bu kontekstdə Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazi bütövlüyünün Ermənistan tərəfindən də qəbul edilməsi müstəsna əhəmiyyət daşıyır. Yəni, liderlərin ərazilərin toxunulmazlığına birmənalı sadiqliklərini təsdiq etmələri Azərbaycan diplomatiyasının növbəti tarixi qələbəsidir”.
Deputat bildirib ki, görüşün başqa bir önəmi ondan ibarətdir ki, Ermənistan Zəngəzur dəhlizinin açılmasının zəruriliyini rəsmən etiraf etdi. “Bundan başqa, Azərbaycanın təşəbbüsü ilə Zəngəzur dəhlizinin reallaşması ideyası Avropa Birliyi tərəfindən dəstəklənmiş oldu. Bir sözlə, görünən odur ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət yenə də öz sözünü dedi. Nəticədə də Azərbaycanın regiona davamlı sülh vəd edən təşəbbüslərinə qarşı Ermənistan hər hansı alternativ təqdim edə bilmədi”, - deyə o vurğulayıb.