İDMAN
BŞH Formula 1 Azərbaycan Qran-Prisinin birinci sərbəst yürüşündə baş verən qəza ilə bağlı açıqlama yayıb
Bakı, 26 aprel, AZƏRTAC
“Bakı Şəhər Halqası” Əməliyyat Şirkəti aprelin 26-da Formula 1 SOCAR Azərbaycan Qran-Prisinin birinci sərbəst yürüşü zamanı baş verən qəza ilə bağlı açıqlama yayıb.
AZƏRTAC-a daxil olan açıqlamada birinci sərbəst yürüş sessiyasının lük qapağının yerindən tərpənməsi nəticəsində ləğv edildiyi bildirilib: “Əvvəlcədən görülmüş bütün təhlükəsizlik və nizamlayıcı tədbirlərə baxmayaraq, bu hadisənin yaranmasına əsas səbəb lük altlığında üstdən görünməyən nasazlığın olmasıdır.
Hazırda Beynəlxalq Avtomobil Federasiyası (FIA) ilə birlikdə həmin lükün təhlükəsiz şəkildə əvəz olunması və trekdə olan bütün digər lüklərin növbəti yarış sessiyasına qədər bir daha yoxlanılması istiqamətində iş aparılır. Pilotların təhlükəsizliyi bizim üçün hər zaman ən ümdə və ən vacib məsələdir. Trekdə olan 300-dən çox lükün təkrar yoxlanılması prosesi başa çatdıqdan dərhal sonra növbəti yarış sessiyasına start veriləcək”.