ELM VƏ TƏHSİL
BSU-da akademik Zərifə Əliyevanın nurlu xatirəsi anılıb
Bakı, 29 aprel, AZƏRTAC
Bakı Slavyan Universitetində (BSU) Azərbaycanın görkəmli oftalmoloq alimi, Əməkdar Elm Xadimi, akademik Zərifə Əliyevanın anadan olmasının 93-cü ildönümünə həsr edilən tədbir keçirilib.
BSU-dan AZƏRTAC-a bildiriblər ki, əvvəlcə ulu öndər Heydər Əliyev və akademik Zərifə Əliyevanın ömür yoluna həsr olunan film göstərilib.
BSU-nun rektoru, professor Asif Hacıyev Zərifə xanım Əliyevanın elmi nailiyyətləri, onun peşəkar həkim, fəal ictimai xadim olması barədə danışıb. Bildirib ki, Zərifə Əliyeva eyni zamanda həmvətənlərinin qayğısına qalan humanist insan idi. Rektor onun həyat ideyalarının və şəxsiyyətinin bu gün müasir Azərbaycan gəncliyi üçün əsl örnək olduğunu vurğulayıb. Azərbaycan xalqına xas müsbət keyfiyyətlərin, ali dəyərlərin Zərifə Əliyevanın şəxsiyyətində cəmləşdiyini deyən A.Hacıyev insanlara nur bəxş edən, qayğıkeşliyi, nəcibliyi ilə könüllərdə özünə əbədi yer qazanan Zərifə xanımın tibb elminin ən uca pillələrinə yüksəldiyini, nümunəvi bir həyat yolu keçdiyini vurğulayıb.
Professor Paşa Qəlbinur və Yeni Azərbaycan Partiyası Qadınlar Şurası idarə heyətinin üzvü Zərifə Quliyeva çıxışlarında Zərifə Əliyevanın oftalmologiya sahəsinin inkişafında müstəsna xidmətlərindən, yorulmaz fəaliyyətindən danışıblar. Bildiriblər ki, Zərifə xanım görkəmli alim olmaqla yanaşı, həm də kövrək qəlbli insan, qayğıkeş həyat yoldaşı, övladlarına gözəl tərbiyə verən mehriban ana olub.
Tədbir çərçivəsində Azərbaycan Milli Konservatoriyasının müəllim və tələbələri bədii kompozisiya təqdim ediblər. Tələbələrin ifasında Zərifə Əliyevaya həsr olunmuş şeirlər və mahnılar səsləndirilib.