REGİONLAR
Bu il Astaranın ucqar dağ kənd məktəblərinə 18 müəllim təyinat alıb
Astara, 15 dekabr, Bağır Əliyev, AZƏRTAC
2016-2017-ci tədris ilində Astara rayonunun ümumtəhsil məktəblərində tələbat duyulan ixtisaslı kadrlarla bağlı Təhsil Nazirliyinə 38 vakant yer üçün müraciət olunub.
Vakant yerlər əsasən ucqar dağ kəndləri olan Sım, Şümrüd, Pəlikəş, Toradi, Dolu, Lomin və digər kənd məktəblərindədir. On səkkiz müəllim Təhsil Nazirliyinin keçirdiyi müsabiqənin şərtlərini ödəyərək, 1 müəllim isə yerdəyişmə ilə həmin məktəblərə təyin olunublar.
Bu fikirləri AZƏRTAC-a müsahibəsində Astara Rayon Təhsil Şöbəsinin müdiri Qızbəs Məmmədova bildirib.
Ölkəmizdə gənc müəllimlərə edilən güzəştlərlə yanaşı, Astara rayonunun dağ kəndlərinə yeni yolların çəkilməsi və gediş-gəlişin asanlaşması ucqarlarda fəaliyyətə başlayan pedaqoqların işini xeyli yaxşılaşdırıb.
Rayona gələn müəllimlər əvvəlki illərdən fərqli olaraq geri qayıtmaq barədə deyil, kənddə qalıb böyük həvəslə işləmək haqqında düşünürlər.
Ucqar dağ massivində yerləşən Pəlikəş kəndinə yeni təyin olunan Bakı və Sumqayıt şəhərlərindən olan müəllimlər burada yüksək əhval-ruhiyyə ilə fəaliyyətlərini davam etdirirlər.