Bu qan yerdə qalan deyil...
Bakı, 16 yanvar, AZƏRTAC
1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Bakı küçələrində sovet ordusunun günahsız və əliyalın sakinlərə qarşı gülləbaranı Azərbaycan xalqına qarşı törədilən ən ağır cinayətlərdən biri, insanlığa qarşı yönələn təcavüzdür.
Bu fikir yanvarın 16-da Azərbaycan Tibb Universitetində (ATU) 20 Yanvar faciəsinin ildönümünə həsr olunmuş anım mərasimində səslənib.
Mərasimdən əvvəl universitet rəhbərliyi, professor-müəllim heyəti və tələbələr universitetdə şəhid tələbələrin xatirəsinə ucaldılan abidəni ziyarət ediblər, onun qarşısına əklil qoyublar.
Universitetin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, ATU-nun rektoru, professor Gəray Gəraybəyli deyib: “Ölkəmizin müstəqilliyə qovuşmasında 20 Yanvar hadisəsinin mühüm əhəmiyyəti var. Həmin gecə baş verənləri nahaqdan faciə adlandırmırıq. 20 Yanvar gecəsi əliyalın, dinc əhaliyə qarşı zirehli texnika çıxarıldı, yeni silah növləri istifadə olundu, yüzlərlə insan qətlə yetirildi. Təəssüf ki, xalqımıza qarşı edilən bu vəhşiliyi, hərbi təcavüzü törədənlər hələ də layiqli cəzalarını almayıblar”.
Rektor 1990-cı il Yanvar hadisələrinin xalqımızdakı həmrəylik hissini gücləndirdiyini bildirib: “20 Yanvar faciəsini Azərbaycan xalqının milli ruhunun qələbəsi adlandırmaq olar. Küçələrdə zirehli texnikanın, əli avtomatlı əsgərlərin dayanmasına baxmayaraq, ürəyinin, düşüncəsinin və milli ruhun çağırışı ilə milyonlarla insan Azadlıq meydanına toplaşdı, şəhidlərin dəfn mərasimi milli birliyin böyük təntənəsinə çevrildi. Həmin hadisənin sifarişçiləri və icraçıları gördü ki, Azərbaycan xalqını tankın-topun, silahın gücü nəinki sındırmaq və əymək mümkün deyil, əksinə bu faciə insanları daha da yaxınlaşdırdı və birləşdirdi”.
O, faciə qurbanlarının qanının yerdə qalmayacağına və onu törədənlərin layiqli cəzasını alacağına əmin olduğunu bildirib.
Anım mərasimində ATU-nun Tələbə Gənclər Təşkilatının hazırladığı 20 Yanvar hadisələrindən bəhs edən videoçarx təqdim olunub.
Universitetin ümumi cərrahlıq kafedrasının professoru Məmməd Kərimov, I cərrahi xəstəliklər kafedrasının professoru Eldar Əliyev və digər çıxış edənlər Azərbaycan xalqına qarşı yönələn dəhşətli cinayət, tarixi yaddaşımıza dərin hüzn və milli qürur günü kimi həkk olunan Qanlı Yanvar gecəsi haqqında xatirələrini bölüşüblər.
Müalicə-profilaktika fakültəsinin tələbəsi Dilbər Əliyeva çıxış edərək Azərbaycan gəncliyinin müstəqillik uğrunda həlak olan şəhidlərimizin ruhunu daim uca tutacağını ifadə edib.