REGİONLAR
Bu zərərverici 200-dən çox bitkiyə ziyan vurur - Balakən və Zaqatalada geniş yayılıb FOTO
Balakən, 23 oktyabr, AZƏRTAC
Şimal-qərb bölgəsində, əsasən də Balakən və Zaqatala rayonlarında qəhvəyi mərmər bağacığının yayılması halları müşahidə olunur.
AZƏRTAC xəbər verir ki, yaz-yay aylarında fındıq və meyvə ağaclarına zərər vuran bağacıqlar qışlama üçün evlərdə və ona yaxın tikililərdə məskən salıb.
Mütəxəssislərin araşdırmaları göstərir ki, bu böcəklər respublika ərazisinə Gürcüstandan keçib. Daha çox Balakən və Zaqatala rayonları ərazisində yayılıb. Qəhvəyi mərmər bağacığı təsərrüfat əhəmiyyətli zərərvericidir. Digərlərindən fərqli olaraq bu böcəklər daha çox bitkiyə zərər vurur. Belə ki, bu zərərverici 200-dən artıq bitkiyə ziyan vura bilir. Qəhvəyi mərmər bağacığı efir yağı tərkibli toksid maddə buraxır.
Bağacığın ən çox müşahidə edildiyi ərazilərdən biri Balakən rayonudur. Rayonun əksər kənd və qəsəbələrində bağacığa rast gəlmək olar. Bununla əlaqədar sakinlər mütəmadi maarifləndirilir, lazım gələndə texniki tədbirlər həyata keçirilir. Hazırda bağacıqların qışlama dövrü olduğundan onların daha çox evlərə, eləcə də yaxınlıqdakı tikililərə sığındığı müşahidə edilir.
Kortala kənd sakini Həmid İsmayılov bağacıqlarla mübarizə aparmaq üçün Bitki Mühafizə Mərkəzinə müraciət edib. Onun sözlərinə görə, yaz aylarından həyət-bacanı bağacıqlar basıb. İndi isə daha çox yarımtikili və çardaqlarda məskən salıblar.
Tinəçiyevlər ailəsi isə rayonun Gürcüstanla sərhəd kəndində - Arılıqbinədə yaşayır. Ailə üzvləri deyir ki, yaz-yay aylarında bağacıqlar meyvə ağacları və fındıqlarda müşahidə edilirdisə, havalar soyuyandan sonra yaxınlıqdakı tikililərdə gizlənir, evlərə yol tapırlar.
Ailənin xanımı Ulduz Tinəçiyeva: “Bu böcəklər sentyabr ayının ortalarından daha da çoxalıb. Hava isti olanda ümumiyyətlə çox olur, sərin olanda isə müxtəlif yerlərdə gizlənirlər. Nə qədər təmizləsək də qarşısını ala bilmirik, hər gün çoxalır”.
Mütəxəssislər bağacıqların məskunlaşması və köç prosesini xüsusi tələlər vasitəsilə müəyyən edirlər. Balakən Regional Bitki Mühafizə Mərkəzinin rəisi Turac Səfərli bildirib ki, payız gələndən bəri bağacıqlar qışlama dövrünə keçdiyini görə daha çox evlərə yaxın tikililərdə, tövlələrin çardaqlarında gizlənirlər. Turac Səfərli onu da diqqətə çatdırır ki, həmin ərazilərdə kütləvi aşkarlanma olduqda, xüsusən də yaşayış yerindən kənarda, lokal olaraq kimyəvi mübarizə tədbirləri görürlər. Həmsöhbətimiz bu günə kimi Balakən rayon ərazisində, bağacığa qarşı mübarizə tədbirləri çərçivəsində, ümumilikdə 3 minə yaxın tələ asıldığını bildirir.
Qeyd edək ki, Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin Bitki Mühafizə və Fumiqasiya (zərərsizləşdirmə) Mərkəzinin mütəxəssisləri, Dövlət Aqrar İnkişaf mərkəzlərinin, Qida Təhlükəsizliyi Agentliyinin Şəki regional bölməsinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Şəki regional idarəsinin əməkdaşları Balakən və Zaqatala rayonlarında kənd təsərrüfatı bitkiləri və təbii flora üçün təhlükəli hesab edilən qəhvəyi mərmər bağacığının qışlama yerlərində müşahidə tədbirləri həyata keçirir, yerli sakinlər maarifləndirilir, zərərverici haqqında məlumatları özündə əks etdirən bukletlər paylanılır.