DÜNYA
Bürclərin yerləri dəyişdiyinə görə mövcud ulduz falları köhnəlmişdir
Bakı, 18 fevral (AZƏRTAC). ABŞ-ın Milli Aeronavtika Agentliyinin (NASA) mütəxəssislərinin dediklərinə görə, Yerin oxu və maqnit qütbləri dəyişdiyindən, bürclərdə də dəyişikliklər yaşanmışdır.
AZƏRTAC “The Haffington Post”a istinadən xəbər verir ki, astronom Park Kanklın dediyinə görə, Yerin Günəş ətrafındakı hərəkətində də sürətin azalması yaşandığından, bürclərin yerləri, başlanma və başa çatma vaxtları da dəyişmişdir.
Minnesota ştatındakı rəsədxananın rəhbəri Park Kank vurğulamışdır ki, 13-cü, “İlantutan” adlı bürcün peyda olması da dəyişikliklərin bir hissəsidir. Müasir astrologiyanın əsası 3 min il əvvəl, qədim Misir və Babilistanda qoyulmuşdur. Bürclərin adları, yerləri, başlanma və başa çatma vaxtları da məhz o vaxt müəyyənləşdirilmişdir. Lakin 3 min il ərzində təbii ki, Yerin Günəş sistemindəki hərəkət sürəti, koordinatları və ən başlıcası, orbital hərəkət trayektoriyası da dəyişmişdir. Buna görə də bürclərin dəyişməsində qəribə heç nə yoxdur. Hələ eramızdan 130 min il əvvəl insanlar 12 bürcü müəyyənləşdirmiş, 13-cü bürcün varlığından xəbərsiz qalmışdılar.
Məşhur amerikalı astroloq Syuzan Miller “ABC News”a verdiyi açıqlamasında bürclərin yerlərinin dəyişdiyini təsdiqləmişdir.
Beləliklə, amerikalı astronom və astroloqların fikrincə, bürclərin yeni yerləri, başlanma və bitmə tarixləri belədir:
Oğlaq: 20 yanvar-16 fevral, Dolça: 16 fevral-11 mart, Balıqlar: 11 mart -18 aprel, Qoç: 18 aprel-13 may, Buğa: 13 may-21 iyun, Əkizlər: 21 iyun-20 iyul, Xərçəng: 20 iyul-10 avqust, Şir: 10 avqust-16 sentyabr, Qız: 16 sentyabr-30 oktyabr, Tərəzi: 30 oktyabr-23 noyabr, Əqrəb: 23 noyabr-29 noyabr, İlantutan: 29 noyabr-17 dekabr, Oxatan: 17 dekabr-20 yanvar.