İQTİSADİYYAT
“Bureau Veritas” sertifikatlaşdırma qurumu SOCAR-ın idarəsində təlim kursu keçirmək niyyətindədir
Bakı, 4 avqust, AZƏRTAC
Fransanın “Bureau Veritas” sertifikatlaşdırma qurumu SOCAR-ın Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsinin (TTSİ) qaynaq mərkəzində qaynaq mühəndisliyi sahəsində təlim kursunun keçirmək niyyətindədir.
SOCAR-ın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, bu barədə Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsində Fransanın “Bureau Veritas” sertifikatlaşdırma qurumunun regional meneceri Deniz Öztürk ilə görüşdə danışılıb. TTSİ-nin rəisi Fuad Süleymanov SOCAR-ın müəssisələrində fəaliyyətin beynəlxalq standartların tələbləri səviyyəsində təmin edilməsi və sertifikatlaşdırma işləri haqqında məlumat verib, İSO 9001- Keyfiyyət idarəetmə sistemi, OHSAS 18001 - Əməyin mühafizəsi və təhlükəsizlik texnikası, İSO 14001- Ətraf mühitin mühafizəsi, İSO/İEC 17024 - Personal sertifikatlaşdırmanı həyata keçirən müəssisələr üçün ümumi kriteriyalar, İSO/İEC 17025 - Sınaq və kalibrasiya laboratoriyalarının bacarıqlılığı üçün ümumi şərtlər, İSO 9606-Qaynaqçıların bacarıqlılıq sınağı üzrə standartların qazanıldığını qeyd edib.
F.Süleymanov, həmçinin idarənin fəaliyyətinin nəticələrinə görə “Bureau Veritas” sertifikatlaşdırma qurumunun İSO 29990 - Qeyri-formal təlim xidmətləri üzrə akkreditasiyasına, Böyük Britaniyanın Sağlamlıq və Əməyin Təhlükəsizliyi İnstitutunun (İOSH) Təhlükəsiz idarəetmə (Managing safely) təlim kursu üzrə təlim provayderi lisenziyasına, OPİTO-nun BOSİET/HUET təlim kursu üzrə standartına layiq görülməsini idarənin beynəlxalq standartlaşdırma və akkreditasiya qurumları ilə sıx əməkdaşlığının uğurlu nəticələri kimi qiymətləndirib.
“Bureau Veritas”ın regional meneceri D.Öztürk təmsil etdiyi qurum tərəfindən standartların tətbiqi və sertifikatlaşdırma sahəsində yerinə yetirilmiş çoxsaylı xidmətlərin neft-qaz və neft-kimya sənayesində aktuallığına toxunub. TTSİ-nin qaynaq mərkəzinin potensialından istifadə edilməklə “Bureau Veritas” sertifikatlaşdırma qurumu tərəfindən qaynaq mühəndisliyi sahəsində təlim kursunun keçirilməsinin mümkünlüyü qeyd edilib.