DÜNYA
Bütün canlılar sualtı əcdaddan yaranmışdır
Bakı, 26 noyabr (AZƏRTAC). Planetimizdə həyatın yaranması sirri elmin müxtəlif sahələrində çalışan alimlərin sonsuz mübahisə predmetidir.
Amerikanın İllinoys ştatı Universitetinin tədqiqatçısı Qustavo Kaetano-Anolyes inanılmaz görünə biləcək fərziyyə irəli sürmüşdür. O israr edir ki, milyardlarla il bundan əvvəl okean yeganə qlobal meqaorqanizm olmuşdur. O zaman bizim düşündüyümüz şəkildə həyat uğrunda mübarizə olmamışdır - qədim həyat formaları sıx birləşərək vahid bir tam kimi fəaliyyət göstərmişdir.
O, saysız-hesabsız genetik eksperimentlər və indiki mövcud orqanizmlərə universal əcdadlarından miras qalmış bioloji materialın öyrənilməsi nəticəsində belə qənaətə gəlmişdir. Təkamül nəticəsində ilkin həyat forması üç yeni formaya, sonradan onlar da dəstələrə, siniflərə və növlərə bölünmüşdür.
Kaetano-Anolyesin tədqiqatının nəticələrinə görə, hələ bakteriyalara, arxeylərə və eukariotlara bölünməzdən əvvəl ümumi əcdadımız 2,9 milyard il bundan əvvəl Dünya okeanının bütün sularını tutmuşdur. Lakin salamat qalmaq üçün o, qeyri-adi üsuldan istifadə etmişdir. Hüceyrələr bir-biri ilə zülalları və lazımi molekulları mübadilə etmişdir. Elə çıxır ki, əslində bütün okean vahid bir orqanizm olmuşdur və onun hüceyrələri yox olmamaq üçün birlikdə səy göstərmişdir.
Yalnız orqanizmlər özləri onlara lazım olan birləşmələri hasil etməyi öyrəndikdə okean qonşuları ilə ünsiyyətdə olmaq zərurəti aradan qalxmışdır. Məhz o zaman ümumi əcdad bakteriyalara, arxeylərə və eukariotlara həyat vermişdir.
Belə orqanizmlərin Yerin hansı nöqtəsində meydana çıxdığı barədə suala isə London universitetinin geoloqları cavab vermişlər. Onların fikrincə, Qrenlandiyanın cənub-qərbində İsua palçıq vulkanları ilk sadə həyat formalarının beşiyi olmuşdur. Təqribən 4 milyard il bundan əvvəl bu vulkanlar mühitin kimyəvi tərkibi sayəsində ilk biomolekulların formalaşmağa başlaya biləcəyi əlverişli şərait yaratmışdır.
Fransis Albaredin rəhbərliyi ilə bir qrup tədqiqatçı belə nəticəyə gəlmişdir ki, planetdə ən qədim süxurlar sayılan məhz İsua vulkanik süxurları sadə amin turşularının mürəkkəb törəmələrdə birləşməsi üçün əlverişli şərait yarada bilmişdir.