SİYASƏT
BUXARESTDƏ QARA DƏNİZ REGİONU ÖLKƏLƏRİ QEYRİ-HÖKUMƏT TƏŞKİLATLARININ İLK FORUMU KEÇİRİLMİŞDİR
Azərbaycanın Rumıniyadakı səfirliyindən AZƏRTAC-a bildirmişlər ki, oktyabrın 31-dən noyabrın 2-dək Buxarestdə Qara dəniz regionu ölkələri qeyri-hökumət təşkilatlarının ilk forumu keçirilmişdir.
Forum Rumıniyada QHT-lərin İnkişafı Fondunun təşəbbüsü, Rumıniya Xarici İşlər Nazirliyi, BMT-nin İnkişaf Fondu, Regional Əməkdaşlıq üzrə Qara Dəniz Fondu, Mərkəzi və Şərqi Avropada Vətəndaş Cəmiyyəti və Avropa Komissiyasının dəstəyi ilə təşkil olunmuşdur.
Əsas məqsəd bu cür forumların hər il müxtəlif ölkələrdə keçirilməsi ənənəsini yaratmaq, QHT-lər arasında əməkdaşlıq və tərəfdaşlıq əlaqələrinin yaradılması və möhkəmləndirilməsi, mövcud layihələr, təşəbbüslər və şəbəkələr arasında dialoq və kommunikasiyanın əsasının qoyulmasıdır.
Tədbirə Azərbaycan, Bolqarıstan, Gürcüstan, Yunanıstan, Moldova, Türkiyə, Ukrayna, Rumıniya, Rusiya, Ermənistan və Qara dəniz hövzəsində fəal iştirak edən digər Avropa İttifaqı ölkələrindən 100-dən çox qeyri-hökumət təşkilatının təmsilçiləri iştirak edirdilər.
Azərbaycan nümayəndə heyəti forumun işində fəal iştirak etmişdir.
Nümayəndə heyətinin üzvləri Azərbaycanın Rumıniyadakı səfirliyində olmuşlar.
Səfir Eldar Həsənovla keçirilmiş görüşdə Azərbaycan hökumətinin qeyri-hökumət təşkilatlarının fəaliyyətini təşviq etməsi, demokratik inkişaf üçün vətəndaş cəmiyyəti institutlarının fəaliyyətinin zəruriliyi, dövlət orqanları ilə qeyri-hökumət təşkilatları arasında səmərəli tərəfdaşlıq münasibətləri, Azərbaycan Respublikasının qeyri-hökumət təşkilatlarına dövlət dəstəyi Konsepsiyasının müddəalarının uğurla yerinə yetirilməsi, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının fəaliyyəti ilə bağlı fikir mübadiləsi aparılmışdır.
Dövlət Şurası tərəfindən QHT-lərin fəaliyyətinə göstərilən dəstək yüksək qiymətləndirilmişdir.