İQTİSADİYYAT
Cari ildə ixrac edilən xam neft və neft məhsullarının dəyəri 7,8 milyard dollar olub
Bakı, 20 iyul, AZƏRTAC
Yanvar-iyun aylarında Azərbaycandan 12 milyon 818,6 min ton bitumlu süxurlardan alınmış xam neft və xam neft məhsulları ixrac edilib. İxrac edilən neft və neft məhsullarının dəyəri isə 7 milyard 803,1 milyon ABŞ dolları olub.
AZƏRTAC xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsi məlumat yayıb.
Xatırladaq ki, 2022-ci ilin eyni aylarında ölkədən 12 milyon 915,6 min ton xam neft və neft məhsulları ixrac olunub, ixracın dəyəri 9 milyard 361,2 milyon dollar təşkil edib.
Qeyd edək ki, neft bitumunun ixracı isə kəskin azalaraq 1224 ton təşkil edib. İxrac edilən məhsulun dəyəri isə 330 min ABŞ dolları təşkil edib.
Ötən ilin müvafiq aylarında ölkədən 75 min tona yaxın neft bitumu ixrac edilib, ixrac edilən məhsulun dəyəri isə 20,8 milyon ABŞ dolları olub.