REGİONLAR
Cari ilin altı ayında Hacıqabulda 4461 ton ət, 9844 ton süd istehsal olunub
Hacıqabul, 6 avqust, Mahir Babayev, AZƏRTAC
Hacıqabulda heyvandarlıq məhsulları istehsalı ilbəil artır. Rayonda əsas təsərrüfat sahəsi olan heyvandarlığın inkişafına xüsusi diqqət yetirilir, hərtərəfli qayğı göstərilir. Mal-qaranın cins tərkibinin yaxşılaşdırılması və baş sayının artırılması üçün rayonda irimiqyaslı layihələr həyata keçirilir, yeni-yeni heyvandarlıq təsərrüfatları, quşçuluq kompleksləri və süni mayalanma məntəqələri yaradılır. Həyata keçirilən tədbirlər nəticəsində rayonda mal-qaranın baş sayı, ət, süd və yun istehsalı artır.
Rayon Statistika İdarəsindən AZƏRTAC-a verilən məlumata görə, hazırda rayonun heyvandarlıq təsərrüfatlarında 38 min 560 baş iri buynuzlu mal-qara, 136 min 368 baş qoyun-keçi bəslənilir ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə, ümumilikdə, 1330 baş çoxdur. Təsərrüfatlarda mal-qara və davarların baş sayının artırılması və cins tərkibinin dəyişdirilməsi istiqamətində görülən işlər ət, süd və yun istehsalının da artmasına güclü təsir göstərib.
2017-ci ilin altı ayı ərzində rayonda 4 min 461 ton ət (diri çəkidə), 9 min 844 ton süd, 168 min 113 ədəd yumurta istehsal olunub.
Ötən ilin eyni dövrü ilə müqayisədə süd istehsalı 6 ton, yumurta istehsalı isə 6 min 508 ədəd çox olub.