İQTİSADİYYAT
Cari ilin ötən doqquz ayında İKT sektorunda artım tempi 12,4 faiz təşkil etmişdir
Bakı, 2 noyabr (AZƏRTAC). Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində (RİTN) cari ilin 9 ayının yekunlarına həsr olunmuş kollegiya iclası keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov bu dövrdə informasiya-kommunikasiya texnologiyaları (İKT) sektorunun ayrı-ayrı sahələrində həyata keçirilən islahatlardan danışmış, əldə olunacaq gəlirlərin ölkə iqtisadiyyatının inkişafına güclü təsir göstərəcəyini qeyd etmişdir.
Bu ilin 9 ayında sektor üzrə qeydə alınan nəticələr barədə çıxış edən məruzəçi bildirmişdir ki, ötən dövrdə İKT sektorunda artım tempi 12,4 faiz, telekommunikasiya sektorunda 8,3 faiz, informasiya texnologiyaları (İT) sektorunda 1,6 dəfə, informasiya sektorunda isə 38,8 faiz təşkil etmişdir.
Hesabat dövründə mobil abunəçilərin sayı 10 milyona yaxın, əhalinin hər 100 nəfərinə düşən kompyuterlərin sayı 15, internet istifadəçilərinin sayı isə 60-a bərabər olmuşdur. Bu isə ümumdünya orta göstəricilərini 2 dəfədən çox üstələyir.
Sonra məruzə ətrafında RİTN-in bir sıra birlik və müəssisələrinin rəhbərləri çıxış etmişlər.
Kollegiya iclasına yekun vuran nazir Azərbaycan Prezidenti İlham Əliyevin ölkədə İKT sahəsinin inkişafını yüksək qiymətləndirdiyini vurğulayaraq, qəbul olunmuş Dövlət proqramlarının icrası, “Elektron-hökumət” layihəsinin reallaşdırılması, rəqəmsal televiziyanın tətbiqi, poçt sektorunda bank xidmətlərinin genişləndirilməsi, Regional İnformasiya Xidmət mərkəzlərinin, özəl sektorda sağlam rəqabət mühitinin yaradılması ilə bağlı tapşırıqlar vermişdir.
Nazir bildirmişdir ki, Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 28 iyul tarixli Sərəncamı ilə təsdiq edilmiş “Şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə üzrə Milli Strategiya”dan irəli gələn məsələlərin həllinə nəzarət gücləndirilməlidir. Əhaliyə göstərilən rabitə xidmətləri yüksəldilməli, bir sıra mühüm əhəmiyyət kəsb edən layihələrin icrası təmin olunmalı, eyni zamanda bu sahədə mövcud çatışmazlıqlar aradan qaldırılmalıdır.
Kollegiyada “Azərcell” və “Bakcell” operatorlarına “3G” mobil rabitə xidməti göstərilməsi üçün lisenziyaların verilməsi ilə bağlı qərar qəbul edilmişdir. Nazirliyin müvafiq qurumlarına və 3 mobil operatora dünyada ən müasir olan “4G” (LTİ) mobil rabitə xidmətinin tətbiqi üçün texniki və hüquqi normalara uyğun təkliflərin verilməsi tapşırılmışdır.