İQTİSADİYYAT
Caspian Energy jurnalının yeni sayı III Frankfurt qaz forumu çərçivəsində təqdim olunacaq
Bakı, 14 dekabr, AZƏRTAC
Caspian Energy jurnalının 2014-cü ilin energetika sektorunun inkişafının ilkin nəticələrinə və 2015-ci ilin gözləntilərinə həsr olunan növbəti sayı işıq üzü görüb.
Jurnalın bu sayında ExxonMobil korporasiyasının direktorlar şurasının sədri və baş icraçı direktoru Reks Tillerson, Avropa Komissiyasının enerji məsələləri üzrə vitse-prezidenti Maroş Şevçoviç, həmçinin Avropa İttifaqı və Xəzər-Qara dəniz regionu ölkələrinin iqtisadi, enerji sahələri ilə bağlı qurumlarının rəhbərləri ilə eksklüziv müsahibələr yer alıb.
Eyni zamanda, Avropa İttifaqı ölkələrində və dünya neft bazarında baş verən əsas hadisələr, Caspian Energy-nin tərtib etdiyi dünyanın ən iri neft-qaz şirkətlərinin reytinqi jurnalda əks olunub.
Üçüncü Frankfurt qaz forumu çərçivəsində təqdim olunacaq
jurnalda, həmçinin Qazaxıstanın neft-qaz sektorunun inkişafına həsr edilən materiallar, Azərbaycan da daxil olmaqla bir sıra ölkələrin iri şirkətlərinin rəhbərləri ilə müsahibələr, SOCAR Polymer, Caspian Offshore Construction, Toyota haqqında yazılar, Gürcüstan Prezidenti Georgi Marqvelaşvilinin iştirakı ilə Tbilisidə keçirilən II Beynəlxalq Caspian Energy Forumu və Caspian Energy Award-2014 barədə məqalələr yer alıb.
Caspian Energy dünyanın 50 ölkəsində yayılır. On beş il ərzində jurnalda MDB və Avropa İttifaqı ölkələrinin prezidentləri və baş nazirlərinin, eyni zamanda, nüfuzlu beynəlxalq təşkilatların, iri transmilli şirkətlərin rəhbərlərinin müsahibələri və aparıcı ekspertlərin icmal və analitik materialları dərc olunur.