MƏDƏNİYYƏT
Cavanşir Cəfərov: Ənənəvi olaraq hər il keçirilən bu festival qədim atçılıq ənənələrinin bərpasına xidmət edir
Şəki, 7 may (AZƏRTAC). Şəkidəki Respublika Atçılıq Turizm Mərkəzində artıq doqquzuncu ildir ki, may ayında Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin xatirəsinə həsr olunmuş milli atüstü oyunlar festivalı, dekabrda isə Prezident Kuboku uğrunda çövkən milli oyunu üzrə yarışlar keçirilir.
Sevindirici haldır ki, yarışların coğrafiyası da ildən-ilə genişlənir, getdikcə daha kütləvi xarakter alır. Ənənəvi olaraq hər il keçirilən bu yarışlar mədəni irsimizin qorunmasına, qədim atçılıq ənənələrinin bərpasına xidmət edir. Yarışların keçirildiyi Prezident İlham Əliyevin müvafiq Fərmanına əsasən yaradılmış bu Atçılıq Turizm Mərkəzi də ölkəmizdə atçılıq turizminin inkişafına göstərilən qayğının bariz nümunəsidir.
Bu sözləri Mədəniyyət və Turizm Nazirliyinin rəsmisi Cavanşir Cəfərov Şəkidə keçirilən milli atüstü oyunlar festivalında AZƏRTAC-a müsahibəsində söyləmişdir.
Festivalın təşkilinə göstərdiyi dəstəyə görə Şəki Şəhər İcra Hakimiyyətinin rəhbərliyinə minnətdarlığını bildirən nazirliyin təmsilçisi demişdir: “Sevindirici haldır ki, ötən il dekabrın əvvəllərində Bakıda keçirilən UNESCO-nun Qeyri-Maddi Mədəni İrsin Qorunması üzrə Hökumətlərarası Komitəsinin 8-ci sessiyasında Azərbaycanın çövkən oyunu UNESCO-nun Təcili Qorunmaya Ehtiyacı olan Qeyri-Maddi Mədəni İrs Siyahısına salınmışdır. Bu, o deməkdir ki, bəşəriyyətin qorunmaya ehtiyacı olan ənənələrin siyahısına ilk dəfə olaraq Azərbaycanın milli atüstü oyunu da daxil edilmişdir. Bu, ölkəmiz üçün çox önəmlidir”.
Nazirliyin təmsilçisi demişdir: “Festivalın xalqımızın ümummilli lideri Heydər Əliyevin xatirəsinə həsr olunması heç də təsadüfi deyildir. Ulu Öndər bütün fəaliyyəti dövründə Azərbaycan mədəniyyətinin inkişafına, milli mənəvi dəyərlərimizin qorunmasına böyük diqqət və qayğı göstərmişdir. Bu ənənə indi də davam etdirilir. Mədəniyyətimizin, incəsənətimizin inkişafında, əcdadlarımızın bizə miras qoyduğu mədəni dəyərlərimizin qorunması və təbliğində dövlətimizin başçısı İlham Əliyevin, həmçinin Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın xidmətləri danılmazdır”.