SİYASƏT
Cavid Osmanov: Brüssel görüşü Prezident İlham Əliyevin Azərbaycanın milli maraqları istiqamətində növbəti diplomatik qələbəsidir
Bakı, 8 aprel, AZƏRTAC
Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun yüksək peşəkarlıqla apardığı 44 günlük hərbi əməliyyatlar nəticəsində torpaqlarımız düşmən tapdağından azad edildi və münaqişə başa çatdı. Postmünaqişə dövründə isə bir sıra məsələlər var ki, onlar da öz həllini tapmalıdır. Buraya əsasən sərhədlərin dəqiqləşdirilməsi, qarşılıqlı olaraq hər iki ölkənin biri-birinin ərazi bütövlüyünü tanıması, sülh müqaviləsinin imzalanması, eyni zamanda, nəqliyyat-kommunikasiyaların açılması kimi bir sıra məsələlər daxildir. Bütün bunların həlli istiqamətində Avropa İttifaqı, xüsusilə də Aİ Şurası Prezidenti Şarl Mişel tərəfindən vasitəçilik addımları atılmaqdadır. Bu formatda ilk üçtərəfli görüş ötən il dekabrın 14-də keçirilib və nəticə etibarilə, Prezident İlham Əliyev və Şarl Mişel tərəfindən Brüssel sülh gündəliyinin əsası qoyulub. Bunun davamı olaraq tərəflər arasında intensiv təmaslar aparılıb, telefon danışıqları keçirilib.
Ümumiyyətlə, postmünaqişə dövründə görüşlər və danışıqlar Prezident İlham Əliyevin Brüssel sülh gündəliyinin tərkib hissəsidir. Məhz 6 aprel görüşü də bu əsasda baş tutmuşdur. 4 saat yarımdan artıq davam edən üçtərəfli görüşün nəticəsi olaraq Şarl Mişel tərəfindən verilmiş bəyanatda təsbit edilib ki, Ermənistanla Azərbaycan arasında sülh müqaviləsi üzrə danışıqlar başlasın və bunun üçün iki ölkənin Xarici İşlər nazirliklərinə müəyyən təlimat verilir. Bu, Azərbaycanın irəli sürdüyü 5 maddədən ibarət təklifin qəbulu və bunun əsasında danışıqların aparılmasıdır. Bu sənəddə əsas məqam Azərbaycanın ərazi bütövlüyüdür.
Bu xəbərləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Cavid Osmanov söyləyib.
C.Osmanov bildirib ki, bəyanatda tərəflərin sərhəd məsələləri üzrə birgə komissiya yaratması və birinci növbədə sərhədlərin delimitasiya prosesinə başlaması barədə razılığın əldə olunduğu qeyd edilir. Delimitasiya isə sərhəddə gərginliyin aradan qaldırılması ilə nəticələnəcək. Həmçinin bəyanatda Avropa İttifaqının minalardan təmizləmə, itkin düşmüş şəxslərin tapılması, eləcə də quruculuq işlərində Azərbaycana dəstək göstərməsi təsdiq olunur. Diqqət çəkən digər mühüm məqam isə nəqliyyat-kommunikasiya xətlərinin bərpası və yaradılması, dəmir yolu və avtomobil yolunun tikilməsi, iqtisadi məşvərət şurası mexanizminin yaradılmasının təsdiq olunmasıdır.
“Sənəddə “Dağlıq Qarabağ” ifadəsinin yer almaması, həmçinin keçmişin qalığı olan ATƏT-in Minsk qrupunun həmsədrlik institutuna istinadın olmaması deməyə əsas verir ki, şərtləri birmənalı olaraq diktə edən tərəf Azərbaycandır. Təbii ki, Azərbaycan bunu qalib ölkə olaraq edir və cənab Prezident İlham Əliyevin həyata keçirdiyi qətiyyətli siyasət öz effektini verir.
Proseslərin gedişi göstərir ki, Avropa İttifaqının dəstəyi ilə Ermənistan və Azərbaycan arasında birbaşa danışıqları nəzərdə tutan yeni mexanizm və format yaranır. Bunun da məqsədi, ilk növbədə, Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılmasıdır. Avropa İttifaqı qərəzsiz tərəfdir və hər iki ölkənin bu təşkilata etimadı var. Postmünaqişə dövründə isə məsələlərin həlli istiqamətində qərəzsiz bir vasitəçiliyin olması xüsusi önəm kəsb edir ki, bu, ölkəmiz üçün daha səmərəlidir. Burada xüsusilə Şarl Mişelin Prezident İlham Əliyevlə şəxsi dialoqu və təmasları mühüm şərtdir”, - deyə C.Osmanov diqqətə çatdırıb.
Deputat vurğulayıb ki, Brüssel görüşü və verilən bəyanatdan Azərbaycan qalib ölkə olaraq öz milli maraqlarına uyğun istədiyinə nail olduğu bir daha aydın olur. Bir sözlə, bu görüşün nəticəsi birmənalı olaraq Azərbaycanın milli maraqları istiqamətində Prezident İlham Əliyevin növbəti diplomatik qələbəsidir.