REGİONLAR
Cəbhə bölgəsində yerləşən Tərtər rayonunda bələdiyyə seçkiləri uğurla keçir
Tərtər, 23 dekabr, Tahir Ağaməmmədov, AZƏRTAC
Cəbhə bölgəsində yerləşən Tərtər rayonunda bələdiyyə seçkiləri uğurla keçir. Tərtərli seçicilər məntəqələrə gələrək öz səsvermə hüquqlarından istifadə edirlər.
95 saylı Tərtər seçki dairəsi dairə seçki komissiyasının sədi Həmid Mehdiyev AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, səsvermə seçki dairəsinin 37 məntəqəsində keçirilir. Məntəqələrdə səsvermənin azad, demokratik və şəffaf keçirilməsi üçün hər cür şərait yaradılıb. Dairə üzrə 22 bələdiyyəyə 202 nəfər bələdiyyə üzvü seçiləcək. Seçkidə 665 nəfər namizəd mübarizə aparır. Seçki dairəsində seçicilərin ümumi sayı 37 min 25 nəfərdir. Onlardan 822 nəfəri seçkidə ilk dəfə iştirak edəcək. Seçicilərdən 1207 nəfərinin yaşı 80-100 arası, 11 nəfərin isə yaşı 100-dən yuxarıdır. Seçki prosesini 380 nəfər müşahidəçi izləyir.
Seçki dairəsinin digər məntəqələrində olduğu kimi, Seydimli kənd tam orta məktəbinin binasında yerləşən 27 saylı məntəqədə də səsvermə yüksək səviyyədə keçirilir. Məntəqə seçki komissiyasının sədri Nurəddin İbrahimov bildirib ki, səsvermənin şəffaf və demokratik keçirilməsi üçün hər cür şərait yaradılıb. Məntəqə üzrə səsvermə hüququ olan 835 nəfər seçici var ki, onlardan 4-ü səsvermədə ilk dəfə iştirak edən gənclərdir. Seçicilər səhər saat 8.00-dan etibarən məntəqəyə gəlir, vətəndaşlıq borclarını yerinə yetirirlər.
Səsvermədə gənclərlə yanaşı, yaşlı sakinlər də fəal iştirak edirlər. Rayonun ən yaşlı sakinlərindən olan 104 yaşlı Taran Həsənova səhhəti ilə əlaqədar seçki məntəqəsinə gedə bilmədiyinə görə səsvermədə iştirak etmək üçün evinə daşınan seçki qutunun gətirilməsini istəyib. Onun ərizəsi əsasında evə səyyar seçki qutusu gətirilib və Taran Həsənova sərbəst şəkildə bülleteni dolduraraq, istədiyi namizədə səs verib.
Seçici, kənd sakini Tahir Vəliyev yaradılan şəraitdən razılıq edərək deyib: “Səsvermə şəffaf, demokratik keçir. Heç bir təzyiq yoxdur. Məntəqədə seçicilər üçün yaradılan şəraitdən razıyam”.
Səsvermənin gedişini izləyən müşahidəçilər də bu saatadək seçki zamanı heç bir qanun pozuntusuna rast gəlmədiklərini bildiriblər.