İQTİSADİYYAT
Cəbrayıl rayonunda 2011-ci ilin doqquz ayında uğurlu nəticələr qazanılmışdır
Biləsuvar, 3 noyabr (AZƏRTAC). Biləsuvar rayonunda məskunlaşmış Cəbrayıl Rayon İcra Hakimiyyətində bu ilin doqquz ayının yekunları və qarşıda duran vəzifələr ətraflı müzakirə edilmişdir. İcra hakimiyyətinin başçısı Mahmud Quliyev hesabat məruzəsi ilə çıxış etmişdir.
Bildirilmişdir ki, hesabat dövründə rayon üzrə ümumi məhsul istehsalı ötən ilin müvafiq dövrü ilə müqayisədə 23,3 faiz artaraq 7 milyon 391 min manat olmuşdur.
Kənd təsərrüfatında 23,2 faiz artım olmaqla 7 milyon 23 min manat, sənayedə 230,8 min manat, nəqliyyatda 5,9 min manat, rabitədə 44,2 min manat, ticarətdə isə 87,8 min manatlıq məhsul istehsal edilmişdir. İstehsal edilən ümumi məhsulun 95 faizi kənd təsərrüfatının payına düşür.
Əhalinin gəlirləri ötən ilin müvafiq dövrünə nisbətən 10 faiz artaraq 51 milyon 510 min manat, pullu xidmətlərin həcmi 6 milyon 190 min manat, adambaşına düşən illik gəlir 781,85 manat, orta aylıq əmək haqqı isə 155 manat təşkil etmişdir.
Ötən müddət ərzində ət istehsalı diri çəkidə 933 ton, süd 3 min 978 ton, yun 118,4 ton, yumurta 2 milyon 270 min ədəd olmuşdur.
Cari ilin məhsulu üçün əkilmiş 2 min 350 hektar taxıl sahəsindən ümumilikdə 6 min 759 ton taxıl məhsulları istehsal edilmişdir. Sahələrdən 413 ton kartof, 540 ton tərəvəz, 57 ton bostan məhsulları, 32,9 ton qarğıdalı dəni və 80 ton şəkər çuğunduru tədarük edilmişdir.
Hazırda rayonda şəkər çuğunduru yığımı davam edir.
Əhalinin içməli və suvarma suyu, fasiləsiz enerji ilə təmin edilməsi, yol və digər kommunal xidmətlərlə bağlı problemləri daim nəzarətdə saxlanmış, vətəndaşlar tərəfindən qaldırılan hər bir təklif diqqətlə öyrənilərək operativ şəkildə həllinə səy göstərilmişdir.
Qəsəbələrdə bərpa edilmiş 6 rayon təşkilatında və vətəndaşlar tərəfindən yaradılmış 300-dən çox fərdi xidmət obyektində ümumilikdə 1266 nəfər o, cümlədən bu ilin 9 ayında 155 nəfər rayon sakini daimi işlə təmin olunmuşdur.
Şura iclasında müzakirə edilən məsələlər ilə bağlı müvafiq qərar qəbul edilmişdir.