İQTİSADİYYAT
CEIBC “Baltic Energy” jurnalının təqdimatını Polşada keçirəcəkdir
Bakı, 29 noyabr (AZƏRTAC). Xəzər-Avropa İnteqrasiya İşgüzar Klubun (CEIBC) prezidenti və baş icraçı direktoru Telman Əliyevin rəhbərliyi ilə nümayəndə heyəti Polşada açılmış VI enerji forumunda iştirak edir.
Enerji forumunda əsasən Avropa İttifaqının (Aİ) enerji siyasətinin təhlili məsələləri müzakirə olunacaq, ümumi enerji siyasətinin əsas nizamnamələrinə və Avropa İttifaqının enerji-iqlim paketinin həyata keçirilməsi məsələlərinə toxunulacaqdır.
Forum Avropa İttifaqı üçün enerji sektoruna aid əsas mövzulara, o cümlədən Avropa enerji bazarının inkişaf və inteqrasiya perspektivlərinə, Aİ-nin 20-20-20 paketinə, enerji sahəsində özəlləşdirməyə, nüvə yanacağının gələcəyinə və energetikada innovasiya texnologiyalarına həsr olunmuşdur. Proqramın əsas məqamı qitədə nüvə enerjisinin gələcəyi barədə diskussiyadır.
Forumun gedişində dövlət strukturlarının, transmilli şirkətlərin nümayəndələri və Avropa tərəfdaşları ilə bir sıra görüşlərin keçirilməsi də planlaşdırılır.
Forum çərçivəsində Caspian Energy International Media Groupun yeni layihəsi - “Baltic Energy” jurnalının potensial səhmdarları üçün təqdimatı keçiriləcəkdir.
CEIBC prezidenti və baş icraçı direktoru Telman Əliyev bildirmişdir ki, jurnal ildə dörd dəfə rus və Azərbaycan dillərində dərc olunacaq, Baltik və Şimal dənizləri regionlarında baş verən enerji və iqtisadi hadisələri işıqlandıracaqdır. İnternetdə jurnal www.baltenergy.net saytında yerləşəcək və Caspian Energy internet-portallarının vahid sisteminə inteqrasiya ediləcəkdir.
Forum noyabrın 30-da başa çatacaqdır.