REGİONLAR
Cəlilabadda ilk dəfə salınan gilas bağında meyvə yığımına başlanılıb
Cəlilabad, 20 iyun, AZƏRTAC
Adətən ölkəmizin şimal rayonları üçün xarakterik olan gilas meyvəsini indi cəlilabadlı fermerlər də yetişdirirlər. Nümunəvi təsərrüfat kimi yaradılan gilas bağının gələcəkdə genişləndirilməsi nəzərdə tutulub.
Hazırda Cəlilabadın gilas bağlarında məhsul yığımı davam edir. Rayonda qabaqcıl təsərrüfat sahiblərindən sayılan Elçin Cahangirov icarəyə götürdüyü əkin sahəsində pilot təsərrüfat kimi bir hektara yaxın ərazidə gilas bağı salıb.
Calaq olunan ağac tinglərini ölkənin şimal bölgəsindən gətirdiyini bildirən fermer artıq 4 ildir ki, becərdiyi ağaclardan meyvə toplayır. Havalar mövsümün əvvəlindən əlverişli keçdiyindən ağaclarda meyvə boldur.
Elçin Cahangirov bildirib ki, apardıqları təcrübə özünü doğruldub. Cəlilabadda gilas və albalı ağaclarını əkmək və yaxşı məhsul götürmək mümkündür: “Bizim torpaqlarda bu ağacların daha yaxşı bar verməsini bildiyimizdən 7-8 ildir gilas bağı salmışıq. Məhsuldarlıq yaxşı olarsa, bazar bizi qane edərsə, bu sahəni genişləndirmək fikrindəyik”.
Fermer artıq ikinci mövsümdür bazara meyvə çıxarır. Yeni saldığı gilas bağının cavan olduğunu bildirən fermer məhsulun ilbəil artdığını deyir.
Qeyd edək ki, bu, Cəlilabad rayonunda yeganə gilas bağıdır.