REGİONLAR
Cəlilabadda taxıl biçini başa çatıb
Cəlilabad, 15 avqust, Bağır Əliyev, AZƏRTAC
Cəlilabad rayonunda taxıl biçini başa çatıb.
AZƏRTAC xəbər verir ki, bu il rayonda 188 min 827 tondan çox dənli bitkilər tədarük edilib. Sahələrdən orta hesabla hər hektardan 35 sentner taxıl biçilib. Bu, ötən illə müqayisədə 10 sentner çoxdur. Strateji məhsullar sırasında olan dənli bitkilərin, o cümlədən taxılın istehsalında artım qeydə alınıb.
Bu il rayonda 57 min 10 hektar buğda sahəsindən 160 min 483 ton, 6 min hektar arpa sahəsindən 13 min 404 ton, 2 min 250 hektar vələmir sahəsindən 4 min 815 ton, 5 min 916 hektar noxud sahəsindən 8 min 755 ton, 943 hektar mərci sahəsindən 1198 ton məhsul istehsal olunub.
Taxıl biçini kampaniyasının uğurla başa çatdığını deyən rayon kənd təsərrüfatı idarəsinin rəisi Rahib Kərimov 2017-ci ili rayonda aqrar sahə üçün uğurlu il hesab edir. Buna səbəb isə biçindən əvvəl texnikaların saz vəziyyətə gətirilməsi, məhsulun itkisiz yığılması və daşınması, sahələrin yanğından mühafizə edilməsidir.