İQTİSADİYYAT
“Cənub” qaz dəhlizi Avropanın enerji təhlükəsizliyinə yol açır
Brüssel, 11 dekabr, AZƏRTAC
Brüsseldə “Cənub” qaz dəhlizi – Avropanın enerji təhlükəsizliyi yolunun açılması” mövzusunda yüksək səviyyəli görüş keçirilib. Yüzdən çox mütəxəssis Xəzər qazını Avropaya daşıyacaq infrastruktur layihəsini müzakirə etmək üçün bir araya gəlib.
AZƏRTAC Eunews.az portalına istinadən xəbər verir ki, tədbirdə Avropa Komissiyasının enerji məsələləri üzrə vitse-prezidenti Maroş Şevçoviç, rəsmi şəxslər, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin nümayəndələri, diplomatlar iştirak ediblər.
Azərbaycanın Belçika və Lüksemburqdakı səfiri, Avropa İttifaqı yanında nümayəndəliyin rəhbəri Fuad İsgəndərov “Cənub” qaz dəhlizinin həyata keçirilməsi üçün ölkəmizin qarşısında vacib öhdəliklərin durduğunu söyləyib, layihə əsasında Avropa İttifaqı və Azərbaycan strateji-siyasi dialoqunun qurulacağına ümid etdiyini bildirib.
İtaliyanın iqtisadi inkişaf nazirinin müavini Klaudio De Vinçenti “Cənub” qaz dəhlizinin qlobal enerji idarəçiliyinə yaxşı nümunə olduğunu vurğulayıb.
Maroş Şefçoviç bu yaxınlarda Bakıda səfərdə olduğunu xatırladıb, Azərbaycan rəhbərliyinin layihəni prioritet hesab etməsinin şahidi olduğunu söyləyib. O, planlaşdırılan enerji ittifaqına ehtiyac duyulduğunu, bu ittifaqın yaradılması üçün əlverişli vaxtın çatdığını vurğulayıb.
Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təmin olunması verdiyi töhfələrdən danışıb ARDNŞ-in sərmayələr və marketinq üzrə vitse-prezidenti Elşad Nəsirov deyib ki, “Cənub” qaz dəhlizi enerji nəqli layihələrinin fövqündə duran, Azərbaycan-Avropa tərəfdaşlığından tutmuş iqtisadi inkişafadək bir çox sahəni əhatə edən bir layihədir. Bu layihə ayrı-ayrı regionlarda enerji təchizatı problemlərini kökündən həll edə bilər. Layihənin ətraf mühitin qorunmasına ayırdığı diqqət də təqdirəlayiqdir.
Görüşdə bp-nin “Cənub” qaz dəhlizi üzrə sədr müavini Co Mörfi və TAP-ın icraçı direktoru Kyetil Tunqland mövzu ilə bağlı fikirlərini bölüşüblər.
Pərvanə Qarayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Brüssel