İQTİSADİYYAT
“Cənub” qaz dəhlizi layihəsi Balkan dövlətləri üçün yeni coğrafi reallıqlar vəd edir
Vaşinqton, 22 oktyabr (AZƏRTAC). Oktyabrın 21-də ABŞ-ın enerji sahəsi üzrə ixtisaslaşmış aparıcı mətbu orqanı olan “Environment & Energy publishing” (E&E) onlayn media kompaniyasının rəsmi internet səhifəsində Azərbaycanın Birləşmiş Ştatlardakı səfiri Elin Süleymanovun müsahibəsi yerləşdirilmişdir.
Müsahibədə səfir Azərbaycanın neft diplomatiyasının növbəti uğurlarından olan “Cənub” qaz dəhlizi layihəsinin strateji önəmi barədə danışmış, Avropanın təbii qaz mənbələrinin şaxələndirilməsinə ehtiyac duyduğu bir vaxtda ABŞ-ın enerji strukturlarının inkişafına davamlı dəstəyinin vacibliyini qeyd etmişdir. E.Süleymanov, həmçinin “Cənub” qaz dəhlizi layihəsinin Azərbaycan Hökumətinin nümayiş etdirdiyi siyasi iradə və ABŞ-ın birmənalı dəstəyi nəticəsində reallaşdırılmış Bakı-Tiflis-Ceyhan layihəsinin uğurunu təkrarlayacağına ümidvar olduğunu bildirmişdir. Qərbə qarşı neft embarqosunun 40 il əvvəl məhz oktyabr ayında tətbiq edildiyini xatırladan səfir bunun fəsadlarının enerji təhlükəsizliyi, xüsusilə Xəzər dənizinin karbohidrogen ehtiyatlarının əhəmiyyətini daha da artırdığını vurğulamışdır. Diplomat bu baxımdan “Cənub” qaz dəhlizi layihəsinin həyata keçirilməsinin Balkan dövlətləri üçün yeni coğrafi reallıqlar, əməkdaşlıq və inkişaf baxımından yeni imkanlar vəd etdiyini bildirmişdir. Müsahibə ilə bu linkdən tanış olmaq mümkündür:
Yusif Babanlı
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton