İQTİSADİYYAT
“Cənub Qaz Dəhlizi” QSC xidmətlərin satınalması məqsədilə tender elan edib
Bakı, 15 dekabr, AZƏRTAC
“Cənub Qaz Dəhlizi” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) bu il üzrə maliyyə hesabatlarının beynəlxalq standartlarına əsasən tərtib olunmuş maliyyə hesabatlarının və Xəzər Dənizinin Azərbaycan sektorunda “Şahdəniz” perspektiv yatağının kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında 4 iyun 1996-cı il tarixli sazişə uyğun hazırlanmış mənfəət vergisi bəyannaməsinin, beynəlxalq audit standartlarına uyğun olaraq müstəqil auditinin həyata keçirilməsi üçün xidmətlərin satınalması məqsədilə açıq tender elan edib.
Tenderdə iştirak etmək üçün iddiaçılar 100 manat məbləğində pul vəsaitini “Cənub Qaz Dəhlizi” QSC-nin bank hesabına köçürməlidirlər. Tenderdə iştirak haqqı heç bir halda geri qaytarılmır.
İddiaçılar tenderdə iştirak etmək üçün tələb olunan sənədləri 2015-ci il yanvarın 22-dək, tender təklifini isə iki nüsxə olmaqla (əsli və surəti) tender təklifinin 1 faizi həcmində bank təminatı ilə birlikdə gələn il yanvarın 29-dək “Cənub Qaz Dəhlizi” QSC-yə təqdim etməlidirlər. Tender proseduru “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun keçiriləcək və iddiaçıların təklif zərfləri 2015-ci il yanvarın 30-da açılacaq.
Qeyd edək ki, Prezident İlham Əliyevin 25 fevral 2014-cü il tarixli Sərəncamına uyğun olaraq “Şahdəniz” qaz-kondensat yatağının istismarının ikinci mərhələsi, Cənubi Qafqaz Boru Kəmərinin genişləndirilməsi, Trans-Anadolu Boru Kəməri (TANAP) və Trans-Adriatik Boru Kəməri (TAP) layihələrin idarə edilməsini təmin etmək məqsədilə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti tərəfindən nizamnamə kapitalı 100 milyon ABŞ dolları məbləğində olan və səhmlərinin 51 faizi dövlət mülkiyyətində, 49 faizi Dövlət Neft Şirkətinə məxsus olan “Cənub Qaz Dəhlizi” QSC təsis edilib.