DÜNYA
Cənubi Koreya Prezidenti xəstəxanalarda uşaqlar üçün kifayət qədər çarpayının təmin olunmasını tapşırıb
Pekin, 26 yanvar, AZƏRTAC
Cənubi Koreya Prezidenti Mun Ce-in ölkədə COVID-19 virusuna yoluxmaların sürətli çoxalması fonunda xəstəxanalarda uşaqlar üçün kifayət qədər çarpayının təmin edilməsi ilə bağlı hökumətə tapşırıq verib.
AZƏRTAC Yonhap agentliyinə istinadla xəbər verir ki, COVID-19 virusu ilə mübarizə üzrə hökumətin iclasına sədrlik edən Mun Ce-in “omikron” ştamının yayılmasına qarşı daha səmərəli addımların atılmasının vacibliyini vurğulayıb. Prezident aşağı gəlirli ailələrə test dəstlərinin pulsuz verilməsini təklif edib.
“Omikron” yayıldığı üçün biz sayıqlığı ən yüksək səviyyədə tutmalıyıq, amma həddindən artıq narahatlıqdan və qorxudan qorunmalıyıq", - deyə Mun Ce-in bildirib.
Qeyd edək ki, ardıcıl 2 gündür Cənubi Koreyada COVID-19 infeksiyasına yoluxma sayında antirekord qeydə alınır. Yanvarın 26-də açıqlanan rəqəmlərə əsasən, sutka ərzində 13 min 12 nəfərin virusa yoluxduğu aşkarlanıb. Əvvəlki sutka isə bu rəqəm 8 min 571 olub. “Omikron”un ölkədə dominant ştama çevrilməsi fonunda bir həftədən çoxdur ki, sutkalıq yoluxma sayı davamlı artır. Ekspertlər bu rəqəmin yaxın günlərdə 100 minə çatacağını proqnozlaşdırıb.
Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzi yanvarın 26-dan etibarən koronavirusla mübarizə üzrə yeni sistem işə salıb. Bu sistem əsasən yaşlı insanlar da daxil olmaqla xüsusi risk qrupundan olan “omikron” pasiyentlərin erkən aşkarlanması və müalicəsini əhatə edir. Bundan başqa, ev şəraitində müalicə alan vaksin olunmuş pasiyentlərin karantin müddəti 7 günə endirilib. Yoluxmuş şəxslərlə yaxın təmasda olmuş peyvəndlənmiş şəxslər karantinə cəlb olunmayacaq, yalnız test verəcəklər.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin