DÜNYA
Cənubi Koreya və ABŞ birgə hərbi təlimlərin müddətini uzadacaq
Bakı, 3 noyabr, AZƏRTAC
Koreya Respublikasının Silahlı Qüvvələri və ABŞ ordusu KXDR-in raket sınaqlarına cavab olaraq oktyabrın 31-də başlayan “Vigilant Storm” aviasiya təlimlərinin müddətini uzatmaq qərarına gəlib.
AZƏRTAC xəbər verir ki, Yonhap informasiya agentliyi bu barədə Koreya Respublikasının Hərbi Hava Qüvvələrinə istinadla məlumat yayıb.
“Cənubi Koreyanın Hərbi Hava Qüvvələrinin əməliyyat komandanlığı və ABŞ-ın bu ölkədə yerləşən aviasiya birlikləri KXDR-in təxribatları səbəbindən artan təhlükəsizlik böhranı fonunda Koreya Respublikası və Birləşmiş Ştatlar arasında müttəfiqliyə əsaslanan birgə müdafiə imkanlarının nümayişinin vacibliyi barədə razılığa gəliblər”, - deyə Hərbi Hava Qüvvələrindən bildirilib.
Məlumata görə, hazırda 240-a yaxın təyyarənin iştirakı ilə keçirilən birgə təlimlərin müddəti və digər detallar ABŞ-la müzakirə olunur. İlkin plana görə, manevrlər noyabrın 4-də başa çatmalı idi.
Qeyd edək ki, Cənubi Koreya ordusunun məlumatına görə, Pxenyan bu gün “Hwaseong-17” qitələrarası raketinin və iki qısa mənzilli ballistik raketin sınaqlarını həyata keçirib.