DÜNYA
Cənubi Koreyada qaz zəhərlənməsi bir neçə şagirdin ölümünə səbəb olub
Bakı, 18 dekabr, AZƏRTAC
Cənubi Koreyanın Qanqnın şəhərində lisey şagirdlərinin qaldığı pansionatda 3 nəfər ölü, 7-i isə huşsuz vəziyyətdə aşkar edilib.
AZƏRTAC Cənubi Koreya KİV-lərinə istinadla xəbər verir ki, şagirdlər havalandırma sistemi düzgün işləməyən binada karbon monoksid qazı ilə zəhərlənmədən ölüblər. Polisin məlumatına əsasən, şagirdlərin yaşadıqları otaqlarda karbon monoksid qazı konsentratının səviyyəsi normadan 6 dəfə yuxarı olub. İlkin araşdırma zamanı müəyyən edilib ki, pansionatın isitmə sistemində istifadə olunan təbii qaz qazanı havalandırma şaxtasından qopmuş vəziyyətdə olub.
Ölənlər və huşsuz vəziyyətdə xəstəxanalara yerləşdirilənlərin hamısı Seuldakı Deson liseyinin şagirdləri olublar. Onlar ekskursiya məqsədilə bir gün əvvəl Qanqnın şəhərinə gəliblər.