SİYASƏT
Cənubi Qafqazda təsir imkanları uğrunda mübarizə aparan qlobal güclər bu gün bölgədəki yeni reallıqla hesablaşmağa məcburdurlar
Bakı, 30 may, AZƏRTAC
Müstəqillik Günü ərəfəsində Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın Füzuli, Cəbrayıl və Zəngilan rayonlarına səfəri parlaq Zəfərimizin növbəti nümayişi oldu. Azad edilmiş digər rayonlara baş tutan səfərlər kimi, bu səfər də onu göstərdi ki, dövlətimiz qısa zaman kəsiyində Qarabağda və Şərqi Zəngəzurda iri infrastruktur layihələrinin həyata keçirilməsində, şəhər və kəndlərin bərpasında, kommunikasiya sistemlərinin yenidən qurulmasında, nəticədə isə Böyük Qayıdışın sürətlənməsi istiqamətində ciddi iradə nümayiş etdirir.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Anar Məmmədov deyib.
A.Məmmədov qeyd edib ki, səfər çərçivəsində bir sıra strateji obyekt və müəssisələrin təməlqoyma mərasimlərinin keçirilməsi istər ölkəmiz, istərsə də region üçün yeni dəyişikliklərin olacağından xəbər verir. Müharibədən yenicə çıxmış ölkədə ən müasir texnologiyaların tətbiq olunduğu “ağıllı şəhər”, “ağıllı kənd” kimi layihələrin reallaşdırılması dünyada iqtisadi problemlərin cövlan etdiyi indiki şəraitdə Azərbaycan dövlətinin iqtisadi qüdrətindən xəbər verməklə yanaşı, digər işğaldan azad edilmiş rayonlara da əhəmiyyətli təsir göstərəcək.
“Prezident İlham Əliyevin Zəngilan rayonunun Ağalı kəndində pilot layihənin ilkin mərhələsinin açılışında rayon ictimaiyyətinin nümayəndələri ilə görüşdə səsləndirdiyi fikirlər və verdiyi mesajlar böyük tarixi hadisə kimi dəyərləndirilməlidir. Dövlətimizin başçısının Azərbaycanın Müstəqillik Günü və iqtisadiyyatımızın daha da gücləndirilməsi ilə bağlı söylədiyi fikirlər də böyük önəm kəsb edir.
Ölkəmizin iqtisadi cəhətdən çox güclü olduğunu diqqətə çatdıran Prezident İlham Əliyev Azərbaycanın heç bir yardıma, kreditə ehtiyacı olmadığını vurğuladı. Dövlətimizin başçısının Zəngilanın Ağalı kəndində səsləndirdiyi fikirlər hər sözünə imzası qədər dəyər verən və bunu əməli ilə sübut edən qətiyyətli Liderin gələcəklə bağlı təsvir etdiyi və addım-addım reallığa çevirdiyi aydın mənzərədir”, - deyə deputat vurğulayıb.
A.Məmmədov bildirib ki, 44 gün davam edən və Azərbaycanın tarixi Qələbəsi ilə nəticələnən Vətən müharibəsi regionda tam fərqli reallıq formalaşdırıb. Müharibənin indiki nəticələri Azərbaycanın yalnız iqtisadi, hərbi üstünlüyünün məntiqi davamı kimi qiymətləndirilmir, həm də fəal, ardıcıl, praqmatik xarici siyasət strategiyasının uğuru kimi xarakterizə olunur. Bu yeni reallıqla indi Cənubi Qafqazda siyasi təsir imkanları uğrunda mübarizə aparan qlobal güclər belə hesablaşmağa məcburdur.
“İqtisadiyyatı güclü olan dövlət bir neçə ilə işğal olunmuş ərazilərini cəmi 44 gün müddətində azad etməyə nail oldu. Beləliklə, 2020-ci ilin son aylarında hər kəs “İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir” fikrinin əsl mahiyyətini, bu kəlamın fəlsəfəsinin nədən ibarət olduğunu anladı.
Azərbaycan 27 il ərzində onun ədalətli mövqeyini qəbul etmək istəməyənlərə, Ermənistana və ona havadarlıq edərək, işğalın davamlı olmasını təmin edənlərə 44 gün ərzində həyata keçirdiyi “Dəmir yumruq” əməliyyatı ilə başa saldı ki, artıq o, özü güc sahibidir. Güclü iqtisadiyyatı, qüdrətli ordusu sayəsində Azərbaycanın qazandığı Qələbə ilə “Dağlıq Qarabağ münaqişəsi” ifadəsi artıq tarixə qovuşdu. Bir sözlə, Azərbaycan işğalçıya yerini göstərdi, işğala son qoydu”, - deyə Anar Məmmədov qeyd edib.
Diqqətə çatdırılıb ki, Azərbaycan xalqı bundan sonra müzəffər xalq kimi yaşayacaq. İşğaldan azad edilmiş torpaqlarda Azərbaycan bayrağı əbədi olaraq dalğalanacaq. Qarabağımız təkcə ölkənin deyil, regionun ən inkişaf etmiş məskənlərindən birinə çevriləcək, mövqelərimiz gücləndiriləcək, bərpa-yenidənqurma işləri daha sürətlə aparılacaq və keçmiş məcburi məcburi köçkünlər öz doğma yurdlarına qayıdacaqlar.