SİYASƏT
Cənubi Qafqazdakı vəziyyət Vaşinqtonda keçirilmiş konfransda müzakirə olunmuşdur
Vaşinqton, 8 aprel (AZƏRTAC) ABŞ-ın nüfuzlu Marşal Fondu tərəfindən aprelin 8-də Qlobal Təhlükəsizliyin Analizi üzrə İnstitut ilə birgə təşkil olunmuş konfransda Ukraynada cərəyan edən hadisələr kontekstində Cənubi Qafqazda mövcud vəziyyət müzakirə olunmuşdur. Fondun Vaşinqtondakı mərkəzi ofisində baş tutmuş tədbir “Cənubi Qafqaz: bölünmə xətləri yerini dəyişir” mövzusunda keçirilmiş və konfransda ABŞ-ın rəsmi dairələrinin, diplomatik korpusun, ictimaiyyətin və araşdırma təşkilatlarının, eləcə də KİV-lərin nümayəndələri iştirak etmişlər.
Təqdimatlar və müzakirələr zamanı Azərbaycan və Ermənistanın Ukrayna böhranı boyu tutduqları mövqelər, Krım böhranının regionumuzdakı vəziyyətə təsiri, o cümlədən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasının mümkün nəticələri ekspertlərin çıxışlarında əsas məsələlər sırasında olmuşdur. Bundan əlavə, Avropanın enerji təhlükəsizliyinin təmin edilməsi məqsədilə enerji mənbələrinin şaxələndirilməsinin təmin edilməsi baxımından “Cənub” Qaz Dəhlizinin və xüsusilə Azərbaycanın rolundan ayrıca söz açılmışdır.
Tədbirdə əsas açılış nitqi ilə çıxış etmiş Cons Hopkins Universitetinin Mərkəzi Asiya və Qafqaz İnstitutunun rəhbəri Frederik Star Cənubi Qafqaz regionu ölkələrinin keçdiyi tarixi inkişaf yoluna nəzər salaraq, regionun üzləşdiyi ən mühüm təhdidlərə dair fikirlərini bölüşmüş və o cümlədən ABŞ-ın Cənubi Qafqaz regionundakı ərazi münaqişələrinə dair mövqeyinə münasibət bildirmişdir. Bu mənada, Qafqaz və Orta Asiya məsələləri üzrə tanınmış mütəxəssis ABŞ-ın beynəlxalq hüququn ərazi bütövlüyü prinsipini dəstəkləməli olduğunu və dəstəyin yalnız bəyanatlarla deyil, əlaqədar ölkələrlə yaxından əməkdaşlıqla ifadə edilməli olduğunu göstərmişdir. Təqdimatı zamanı F.Star, həmçinin martın 27-də BMT Baş Məclisində Ukrayna üzrə qətnamə səsverməyə qoyulan zaman Ermənistanın bu sənədin əleyhinə səs verdiyi bir vaxtda Azərbaycanın onu dəstəklədiyini vurğulamış və eləcə də Azərbaycanın tutduğu bu mövqeyə Vaşinqtonda layiq olduğu qiymətin verilmədiyini hesab etmişdir.
Avrasiya regionu üzrə digər bir amerikalı ekspert Stefen Blank Cənubi Qafqazdakı münaqişələr, o cümlədən Dağlıq Qarabağ münaqişəsinin “dondurulmuş” olmadığını söyləmiş və o, xüsusilə yaranmış vəziyyətdə Ermənistanın Dağlıq Qarabağ münaqişəsi üzrə tutduğu mövqeyin girovuna çevrildiyini bəyan etmişdir.
Azərbaycanda da yaxından tanınan, İsrailin Hayfa Universitetinin professoru və hazırda ABŞ-ın Corctaun Universitetində mühazirələr oxuyan Brenda Şafer Dağlıq Qarabağ münaqişəsinin kökündə Ermənistan tərəfindən Azərbaycan torpaqlarının 20 faizinin işğalının dayandığını vurğulamış və erməni qüvvələrin işğal olunmuş ərazilərdə yaşayan dinc azərbaycanlı əhalini öz yurdlarından didərgin saldığını tədbir iştirakçılarının diqqətinə çatdırmışdır. O, bundan əlavə, Azərbaycanın “Şahdəniz” yatağından təbii qazın Avropaya nəqlinə imkan yaradacaq “Cənub” Qaz Dəhlizi layihəsinin əhəmiyyətini izah etmiş və onun bir reallığa çevrilməsi üçün əlaqələndirilmiş səylərin davam etdirilməsinin vacib olduğunu vurğulamışdır.
B.Şaferin “Cənub” Qaz Dəhlizi ilə bağlı bir çox fikirlərini bölüşmüş enerji məsələləri üzrə ekspert Culia Naney Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Trans-Anadolu və Trans-Adriatik qaz kəmərlərinin həyata keçirilməsində oynadığı mühüm rolu qeyd etmişdir.
Yusif Babanlı
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton