MƏDƏNİYYƏT
Ceyhun Osmanlı: “Prezident İlham Əliyevin təşəbbüsü və xeyir-duası ilə keçirilən nar bayramı artıq beynəlxalq tədbirə çevrilmişdir”
Göyçay, 5 noyabr (AZƏRTAC). Göyçayda keçirilən VI nar bayramında iştirak edən “İrəli” İctimai Birliyinin sədri, Milli Məclisin deputatı Ceyhun Osmanlı AZƏRTAC-a müsahibəsində bu tədbirin artıq beynəlxalq səviyyədə qeyd olunduğunu bildirmişdir. “Nar bir meyvə olmaqla yanaşı artıq böyük mədəni hadisəyə səbəb olmuşdur. Narla bağlı bədii əsərlər, şeirlər yazılır, mahnılar bəstələnir, festival təşkil edilir. Dünyanın müxtəlif ölkələrində meyvə-tərəvəz məhsulları ilə bağlı belə festivallar keçirilir. Lakin, nar qədər dəyərli bir meyvənin ölkəmizdə yerli səviyyədə qeyd olunması, bununla bağlı adət-ənənələrimizin zəngin olduğu halda onun az təbliğ edilməsi “İrəli” İctimai Birliyi tərəfindən birmənalı qarşılanmır. Nar meyvəsindən erməni gəncləri, millətçiləri təbliğat kimi istifadə edərək ölkələrini bu yolla tanıtmağa çalışırlar. Guya nar onların mədəniyyətində ən qədim bir meyvə olmuşdur. Bizim gənclər təşkilatı da rayon icra hakimiyyəti ilə birgə ermənilərin bu yalanına haqlı cavab olaraq builki nar bayramını çoxsaylı xarici qonağın iştirakı ilə keçirməyə nail olduq. Bizim xalqın qədim narçılıq ənənələri olduğunu təbliğ etmək və min bir dərdin dərmanı olan bu meyvəni dünyaya tanıtmağa haqqımız var. Prezident İlham Əliyevin təşəbbüsü və xeyir-duası ilə artıq altıncı dəfədir ki, keçirilən bu nar bayramı ildən-ilə beynəlxalq tədbirə çevrilir. Bu tədbirdə 15 ölkədən 30 fəal gəncin, 11 ölkənin Azərbaycandakı səfirinin, beynəlxalq təşkilatların ölkəmizdəki nümayəndələrinin, ümumilikdə 100-dən artıq yerli və xarici rəsmi qonağın iştirak etməsi nar bayramının beynəlxalq əhəmiyyətə malik olduğunu göstərir. Artıq strateji məhsula çevrilən narın və ondan hazırlanan məhsulların xarici ölkələrə ixrac edilməsi bizi çox sevindirir. Son 5 ildə Göyçayda nar bağlarının ümumi sahəsinin 3 dəfə artaraq 3200 hektara çatması, eləcə də fermerlərin ailə büdcəsinə hər il 8 milyon manata yaxın vəsaitin məhz nar məhsulunun satışından daxil olması bu sahənin perspektivli olduğunu göstərir”.