DÜNYA
Çexiya Prezidenti Ukrayna XİN-in rəhbəri ilə görüşmüşdür
Praqa, 10 sentyabr (AZƏRTAC). Çexiya Prezidenti Miloş Zeman sentyabrın 10-da çərşənbə axşamı Praqa qradında Ukraynanın xarici işlər naziri Leonid Kojaranı qəbul etmişdir. Oktyabr ayında M.Zeman Ukrayna Prezidenti Viktor Yanukoviçin dəvəti ilə bu ölkəyə rəsmi səfərə gedəcəkdir. O, Ukraynanın Avropa İttifaqı ilə yaxınlaşmasını dəstəkləmək niyyətindədir.
Çexiya KİV-ləri yazırlar ki, Kiyev və Brüssel arasında Assosiativ Sazişin imzalanması keçmiş baş nazir Yuliya Timoşenkonun həbsinə son qoya bilər. M.Zeman bu yaxınlarda Berlinə səfəri zamanı “Y.Timoşenkonun məruz qaldığı rəftara görə” narahatlığını bildirmişdir.
Praqa qradının xarici əlaqələr şöbəsinin rəhbəri Qınek Kmoniçek bildirmişdir: “Çex Respublikası Prezidentinin səfəri zamanı Avropa İttifaqının Vilnüsdə keçiriləcək sammiti ərəfəsində vəziyyətin inkişafı və Avropa İttifaqı ilə Ukrayna arasında Assosiativ Sazişin problemləri kimi məsələlər müzakirə ediləcəkdir”.
Pərvanə Qarayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Praqa