İQTİSADİYYAT
Çilov qəsəbə nümayəndəliyi hesabat vermişdir
Bakı, 24 yanvar (AZƏRTAC). Pirallahı Rayon İcra Hakimiyyəti başçısının Çilov qəsəbə nümayəndəliyinin 2013-cü ilin yekunlarına həsr olunmuş hesabat iclası keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, hesabat yığıncağında il ərzində qəsəbədə görülmüş işlərdən danışılmış, qarşıda duran vəzifələr müzakirə olunmuş və 2014-cü il üçün konkret tədbirlər müəyyənləşdirilmişdir.
Hesabat məruzəsi ilə çıxış edən Çilov qəsəbəsi üzrə nümayəndə Mahmud Məmmədov bildirmişdir ki, ötən il 131 nömrəli tam orta məktəb əsaslı təmir edilmiş, mədəniyyət evi, idman sağlamlıq mərkəzi və çay evinin tikintisinə başlanılmışdır.
D.Kiselyov, Bünyadzadə və Caparidze küçələrinə asfalt döşənmişdir. Küçələrdə işıqlandırma sistemi quraşdırılmış, yol kənarlarına ağac və bəzək kolları əkilmiş, Çilov adası yaşıllıqlar məskəninə çevrilmişdir. Bütün küçələrə zibil qutuları qoyulmuşdur və tullantılar hər gün yığılaraq utilizə olunur. 16 nömrəli Birləşmiş Şəhər Xəstəxanasının ətrafı işıqlandırılmış, Pirallahı Rayon İcra Hakimiyyəti başçısı tərəfindən xəstəxanaya çarpayı və digər ləvazimatlar verilmişdir.
İşsizliyin aradan qaldırılması məqsədilə hər bir ailə başçısı işlə təmin edilmişdir. M.Məmmədov görülən işlərdə Pirallahı Rayon İcra Hakimiyyətinin başçısı Vasif İmanovun və “28 May” NQÇİ-nin rəhbərliyinin göstərdiyi köməyi xüsusi vurğulamışdır. 2014-cü ildə yerinə yetirilməli olan işlər sırasında 16 nömrəli Birləşmiş Şəhər Xəstəxanasının əsaslı təmiri, qəsəbədə əhaliyə göstərilən telefon xidmətinin yaxşılaşdırılması, aptekin açılması, bankomatın qurulması qeyd edilmişdir.
Pirallahı Rayon İcra Hakimiyyəti başçısının müavini - Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin rəisi Vəzir Səfixanov 2013-cü ildə respublikamızın böyük nailiyyətlərə imza atdığını vurğulamışdır. Azərbaycan Respublikası Prezidenti İlham Əliyev tərəfindən Bakı şəhərinin qəsəbələrinə göstərilən diqqət və qayğıdan, gələcəkdə Çilov qəsəbəsinin daha da abadlaşdırılması, sakinlərin həyat şəraitinin müasir standartlara cavab verə biləcək səviyyəyə çatdırılması üçün görülməli olan işlərdən danışan V.Səfixanov keçən il dövlət başçısının Fərmanı ilə yaradılmış Pirallahı rayonda görülən işlər və həyata keçirilmiş sosial yönümlü layihələr barədə geniş məlumat vermişdir. Bildirildi ki, RİH tərəfindən görülən işlər gələcəkdə Çilov qəsəbəsinin də nümunəvi bir yaşayış məntəqəsinə çevrilməsinə əlverişli şərait yaradacaqdır.
“28 May” NQÇİ-nin rəis müavini Ələddin Mürsəlov, 16 nömrəli Birləşmiş Şəhər Xəstəxanasının baş həkimi Vaqif Nuriyev, qəsəbə nümayəndəsinin müavini Nurəddin Bayramov, şəhid anası Natalya Kiselyova, neftçi Əli Hüseynov dinlənilən hesabata münasibət bildirmişlər.
Toplantı iştirakçılarının yekdil qərarı ilə Pirallahı Rayon İcra Hakimiyyəti başçısının Çilov qəsəbəsindəki nümayəndəliyinin 2013-cü ildə gördüyü işlər, hesabat nəzərə alınaraq, qənaətbəxş hesab olunmuşdur.