MƏDƏNİYYƏT
Üçüncü Beynəlxalq Mahmud Kaşğarlı hekayə müsabiqəsinin qalibləri mükafatlandırılıb
Bakı, 8 dekabr, AZƏRTAC
Dekabrın 8-də Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında Avrasiya Yazarlar Birliyinin, TÜRKSOY-un, Mədəniyyət və Turizm Nazirliyinin və Azərbaycan Yazıçılar Birliyinin birgə təşkilatçılığı ilə reallaşan üçüncü Beynəlxalq Mahmud Kaşğarlı hekayə müsabiqəsi qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə Avrasiya Yazarlar Birliyinin sədri Yaqub Öməroğlu müsabiqənin əhəmiyyətindən söz açıb.
Bildirilib ki, 13 fərqli bölgədə keçirilmiş bu müsabiqə iki turdan ibarət olub. Ölkə üzrə qalib əsərlər əsas müsabiqəyə təqdim olunub. Bu yarışma qardaş xalqların daha da yaxınlaşmasına, doğmalaşmasına öz töhfəsini verməkdədir.
Son illərdə Azərbaycanda müsbət mənada köklü dəyişikliklərin baş verdiyini, xüsusilə Bakının simasının tamamilə dəyişdiyini söyləyən Avrasiya Yazarlar Birliyinin sədri vurğulayıb ki, bütün bunlar Prezident İlham Əliyevin yorulmaz fəaliyyəti sayəsində reallığa çevrilib.
Natiq deyib ki, 2013-cü ildə ikinci Beynəlxalq Mahmud Kaşğarlı hekayə müsabiqəsinin qalibi Azərbaycanın tanınmış şair və nasiri Əjdər Ol olduğundan bu il mükafatlandırma mərasimi Bakıda keçirilir.
Tədbirin Bakıda keçirilməsindən qurur hissi duyduğunu söyləyən Azərbaycanın mədəniyyət və turizm nazirinin birinci müavini Vaqif Əliyev bütün qalibləri təbrik edib və həmişə belə layihələri dəstəkləməyə hazır olduqlarını bildirib.
O vurğulayıb ki, bu müsabiqə türk dünyasının birliyinə xidmət edir və burada qardaş ölkələrin mədəniyyəti, ədəbiyyatı, folklor nümunələri, sevinc və kədərləri, qarşılaşdıqları problemlər bir daha geniş auditoriyaya çatdırılır.
Türkiyənin ölkəmizdəki səfiri İsmail Alper Coşkun vurğulayıb ki, bu müsabiqə bizi min illər bundan əvvəl yaşayıb-yaratmış Mahmud Kaşğarlının söylədiyi kimi, mədəni və ədəbi irsə sahib çıxmağa səsləyir.
TÜRKSOY-un baş katibi Düsen Kaseinov deyib ki, təmsil etdiyi qurum hər zaman söz adamlarının, böyük fikir və düşüncə sahiblərinin yubileylərini keçirməyə mühüm əhəmiyyət verir. Dekabrın 9-da M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasında görkəmli qırğız şairi, ozanı və bəstəkarı Toktoqulun anadan olmasının 150 illiyi münasibətilə keçiriləcək Beynəlxalq elmi konfrans dediklərimə əyani sübutdur.
Tədbirdə Türkiyənin Əskişəhər valisi Güngör Azim Tuna, qardaş ölkənin Mədəniyyət və Turizm Nazirliyinin nümayəndəsi Nihad Gül, Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq Yazıçısı Anar və başqaları çıxış edərək müsabiqənin əhəmiyyətindən danışıb və qalibləri təbrik ediblər.
Mərasim çərçivəsində Şimali Kiprdən olan yazıçı İsmayıl Bozkurta “Türk dünyasında ilin ədəbiyyat adamı-2014” mükafatı təqdim edilib.
Sonra müsabiqənin ölkə turunda qalib olmuş azərbaycanlı yazarlar mükafatlandırılıblar.
Eyni zamanda, üçüncü Beynəlxalq Mahmud Kaşğarlı hekayə müsabiqəsinin qaliblərinə fəxri fərman və pul mükafatları təqdim olunub.
Müsabiqədə qazaxıstanlı Oraz Nurğali birinci, Rusiya Federasiyasının Tatarıstan Respublikasından Aygül Əhmədğaliyeva ikinci və azərbaycanlı Alpay Azər üçüncü yerləri tutublar.
Mərasimə musiqili proqramla yekun vurulub.