DÜNYA
Çində daxilində yaşıl park olan eko-göydələn tikilmişdir
Bakı, 15 noyabr (AZƏRTAC). Honkonqda (Çin) Aedas arxitektura bürosunun layihəsi üzrə tikilmiş 28 mərtəbəli 18 Kowloon Bay göydələnini tam məsuliyyətlə “yaşıl” adlandırmaq olar. Layihənin həyata keçirilməsi zamanı nəinki xarici görkəminə və funksiyalarına görə nadir bina yaratmaq, həmçinin göydələni müasir şəhərin daş cəngəlliklərində bir növ ekoloji vadiyə çevirmək mümkün olmuşdur.
28 mərtəbəli binanın sahəsi 32 400 kvadratmetrdir, ondan ən müxtəlif məqsədlər üçün istifadə olunur. 18 Kowloon Bayda ofislər, ticarət meydançaları, sərgi pavilyonları və avtomobil dayanacağı yerləşir, bir sözlə, burada ən tələbkar müştərilərin tələblərini yerinə yetirmək üçün hər şey vardır.
Binanın yeganə qüsuru sənaye rayonunda yerləşməsidir. Bu problemi aradan qaldırmaq üçün arxitektorlar ekoloji layihələşdirmə prinsipləri tətbiq etmiş və göydələnin yaşıllaşdırılmasına xüsusi diqqət yetirmişlər.
18 Kowloon Bayın aşağı hissəsi avtomobil dayanacağı üçün ayrılmışdır və məhz orada yaşıllaşdırma zonası yerləşdirilmişdir. Dayanacaq sanki yaşıllığa bürünmüşdür. Bu, bir tərəfdən, binanın özündə əlverişli mikroiqlim yaradır, digər tərəfdən isə binanın yerləşdiyi rayonun ekologiyasına töhfədir. Çünki bitkilər havanı təmizləyir və atmosferdə zərərli hissəciklərin miqdarını azaldır.
Layihənin yaradıcıları ümid edirlər ki, 18 Kowloon Bay eko-göydələni nəinki turistləri cəlb edən gözəl bir yerə çevriləcək, həm də Honkonqun bu qazlaşmış rayonunda havanın təmizlənməsinə çox əlverişli təsir göstərəcəkdir.