İDMAN
Çində “Tour of Hainan” veloyürüşü davam edir
Çində Beynəlxalq Velosipedçilər İttifaqının 2-ci kateqoriyalı “Tour of Hainan” veloyürüşü davam edir. Doqquz mərhələdən ibarət çoxgünlük yarışda 20 komanda iştirak edir.
AZƏRTAC xəbər verir ki, oktyabrın 23-də keçirilən 4-cü mərhələdə iştirakçılar 145,8 kilometr məsafə qət ediblər. Velosipedçilərimizin hamısı - Ənvər Asanov, Elçin Əsədov, Aleksandr Surutkoviç, Maksim Averin, İsmayıl İlyasov, Samir Cəbrayılov və Kristof Şvayzer finişi mərhələ qalibindən iki saniyə sonra keçən pelotonun içərisində olublar - 3 saat 16 dəqiqə 1 saniyə.
Bu nəticə “Synergy Baku”nun komanda hesabında 4-cü pillədəki mövqeyini qorumağa şərait yaradıb. Fərdi sıralanmaya gəlincə, ilk onluqda komandamızın 3 üzvü var. Samir Cəbrayılov 8-ci, Aleksandr Surutkoviç 9-cu, 3-cü mərhələdə 2-ci olan Maksim Averin isə 10-cudur.
Oktyabrın 24-də keçiriləcək 5-ci mərhələdə velosipedçilər 192,8 kilometr məsafə qət edəcəklər.