Çoxmillətli ailə bayramı
Bakı, 12 oktyabr (AZƏRTAC). Ukrayna torpağı istedadlarla zəngindir. Kiyevdə T.Q.Şevçenko adına Ukrayna Milli Akademik Opera və Balet Teatrında keçirilmiş “Biz hamımız sənin övladlarınıq, Ukrayna!” adlı XIV Ümumukrayna xalq yaradıcılığı festivalının yekun qala-konsertinə gəlmiş yüzlərlə tamaşaçı buna bir daha əmin olmuşdur.
Müxtəlif milli yaradıcılıq kollektivləri öz çıxışları ilə tədbirin qonaqlarını sevindirmişlər.
Festivalın təşkilatçıları adından iştirakçıları və qonaqları Ukrayna mədəniyyət nazirinin müavini Timofey Koxan və Ukrayna Milli Cəmiyyətlər Şurasının prezidenti İlya Levitas salamlamışlar.
Koxan demişdir: “Festival bütün iştirakçılara öz bacarığını və sənətkarlığını nümayiş etdirmək imkanı verir, yaradıcılıq üfüqlərini genişləndirməyə və təcrübə mübadiləsi aparmağa kömək edir. O, ölkəmizdə yaşayan xalqlar arasında dostluğun və qarşılıqlı anlaşmanın möhkəmlənməsində mühüm rol oynayır”.
İ.Levitas demişdir: “Sevindirici haldır ki, indiki çətin dövrdə də insanlar öz mədəniyyətini və ənənələrini unutmurlar. Ana dilini, adətlərini, mahnılarını - öz xalqının ən əsas mənəvi dəyərlərini nəsildən-nəslə ötürürlər”.
Azərbaycanı festivalda ənənə üzrə Ukrayna Azərbaycanlıları Konqresinin “Azərbaycan” mahnı və rəqs ansamblı təmsil etmişdir. Dahi Müslüm Maqomayevin repertuarından “Azərbaycan” mahnısını oxumuş Ukraynanın xalq artisti Qurban Abbasov öz ifası ilə tamaşaçılara sevinc bəxş etmişdir.
Aparıcı Anatoli Qnatyuk zarafatları ilə bayram əhval-ruhiyyəsini qoruyub saxlamış, iştirakçılarla söhbətlər etmiş və zalda əyləşənlərin alqışları altında öz qardaşı, məşhur müğənni Nikolay Qnatyukun “Oy, Smereko” adlı məşhur hit mahnısını ifa etmişdir.
Festival çərçivəsində Ukrayna Milli Ədəbiyyat Muzeyində Ukrayna etnoslarının “Payız rəngləri” adlı təsviri sənət sərgisi keçirilir. Sərgidə görkəmli rəssamların işləri arasında gənc azərbaycanlı rəssam İlnara Bağırovanın da əsərləri vardır.