ELM VƏ TƏHSİL
Coğrafiya və riyaziyyat fənləri üzrə abituriyentlərin çətinlik çəkdikləri tapşırıqlar müəyyənləşdirilib
Bakı,14 yanvar, AZƏRTAC
Yanvarın 14-də Dövlət İmtahan Mərkəzində (DİM) coğrafiya və riyaziyyat fənləri üzrə işçi qruplarının iclası keçirilib.
DİM-dən AZƏRTAC-a bildirilib ki, hər iki fənn üzrə işçi qruplarının iclasında gündəlik məsələ ali təhsil müəssisələrinə 2021-ci ildə keçirilən qəbul imtahanlarında istifadə edilmiş tapşırıqların imtahan nəticələrinin statistik göstəriciləri əsasında çətinlik dərəcəsi, relevantlıq kateqoriyaları və mövzulara uyğunluq baxımından təhlili olub. Təhlil nəticəsində abituriyentlərin cavab verməkdə çətinlik çəkdikləri tapşırıqlar müəyyənləşdirilib. Həmin tapşırıqların izahlı şərhinə dair metodik tövsiyə hazırlanacaq və “Abituriyent” jurnalının ikinci sayında dərc olunacaq.
İclaslarda iştirakçılar tərəfindən müzakirə edilən məsələlərlə bağlı fikir bildirilib və təkliflər verilib.
İşçi qruplarının növbəti iclası yanvarın 21-də olacaq.