DÜNYA
CompuLab şirkəti İntense PC kompyuterini təqdim etmişdir
Bakı, 10 mart (AZƏRTAC). İsrailin CompuLab şirkəti özünün Intense PC adlı ən kompakt kompyuterini təqdim etmişdir. Bu kompyuterdə ventilyator əvəzinə passiv soyutma sistemindən istifadə edilir, buna görə də, mini-PK səssiz işləyir.
Nettopun daxilində İntel şirkətinin daha aşağı tezlikli və az enerji məsrəfli Core i prosessorlarının ikinci nəsli, 16 giqabaytadək operativ yaddaş və 2,5 dyümlük bərk disk (HDD), yaxud SSD yaddaş qurğusu vardır. DisplayPort interfeysi monitorların 2560x1600 nöqtəyədək aydın əks yaratmasını təmin edir.
Bundan başqa, Intense PC kompyuterində 7.1 kanal səsi üçün S/PDIF optik qoşulması, mikrofon qoşmaq üçün yer, iki Ethernet adapteri və HDMI interfeysi vardır. USB 2.0 və 3.0 portları (hərəsindən iki ədəd) periferik qurğuların qoşulması üçün nəzərdə tutulmuşdur. Həmçinin iki antennalı Wi-Fi adapteri və Bluetooth 3.0 modulu vardır.
Nettopun ölçüləri adi routerin ölçüsündən böyük deyildir. Intense PC kompyuterlərinin dəyəri baza konfiqurasiyasında 400 dollar təşkil edəcəkdir. Mini-PK bu ilin ikinci rübündə satışa daxil olacaqdır.
Yanvar ayında CompuLab dünyada ən kiçik fərdi kompyuter buraxdığını elan etmişdi . Ölçülərinin kiçikliyinə - qalınlığının təqribən iki santimetr yarım, eninin və hündürlüyünün 16 santimetr olduğuna baxmayaraq, fit-PC3 modeli güclü posessorla təchiz edilmişdir.