CƏMİYYƏT
COVID-19 pandemiyası dövründə ginekoloji problemlərə həsr olunan beynəlxalq elmi konfrans keçirilib
Bakı, 11 fevral, AZƏRTAC
Fevralın 11-də Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi və Tədris Mərkəzinin və Mərkəzi Gömrük Hospitalının birgə təşkilatçılığı ilə Ümumdünya Xəstələr Gününə həsr edilmiş “COVID-19 pandemiyası zamanı mamalıq və ginekoloji problemlərə müasir baxış” mövzusunda beynəlxalq elmi konfrans keçirilib.
AZƏRTAC xəbər verir ki, mama-ginekoloq, anestezioloq-reanimatoloq, radioloq, psixiatr, infeksionist, neonatoloq və pediatrların iştirakı ilə keçirilən onlayn konfransın açılışında Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəis müavini İsmayıl Əfəndiyev ginekoloji xəstələr üçün keyfiyyətli tibbi xidmətlərin formalaşdırılmasının səhiyyənin prioritet qəbul etdiyi məsələlərdən biri olduğunu, xüsusilə pandemiya dövründə hamilələrin təkmil tibbi xidmətlərlə təmin edilməsinin mühüm əhəmiyyət kəsb etdiyini bildirib.
Konfransda Azərbaycan Tibb Universitetinin II Mamalıq-ginekologiya kafedrasının müdiri Hicran Bağırova və Avropa Kosmetik və Rekonstruktiv Ginekologiya Cəmiyyətinin prezidenti, professor Ferid Saracoğlunun moderatorluğu ilə “Hamiləlik zamanı COVID-19 infeksiyası”, Azərbaycan Tibb Universitetinin I Mamalıq-ginekologiya kafedrasının professoru Səadət Sultanova və Mərkəzi Gömrük Hospitalının Mamalıq-ginekologiya şöbəsinin rəisi Təranə Bayramovanın moderatorluğu ilə “Hamiləlikdə COVID-19: diaqnostik və müalicə xüsusiyyətləri” və İstanbul Aydın Universitetinin professoru, İstanbul Aydın Universiteti Xəstəxanasının Süni Mayalanma Mərkəzinin rəhbəri Banu Aygün Kumbakın moderatorluğu ilə “COVID-19-un qadın reproduktiv sağlamlığına təsiri” panellərində müxtəlif məruzələr dinlənilib.