DÜNYA
Daha bir mühacir karvanı ABŞ-ın cənub sərhədlərinə doğru irəliləyir
Bakı, 31 oktyabr, AZƏRTAC
Mərkəzi Amerikadan olan daha bir mühacir karvanı Qvatemala-Meksika sərhədini keçərək ABŞ-a doğru hərəkət edir.
AZƏRTAC Interfax informasiya agentliyinə istinadla xəbər verir ki, bu dəstədə 2 minə yaxın miqrant və qaçqın Meksika sərhədini keçməyə nail olub. Polislə mühacirlər arasında baş verən toqquşmalar zamanı bir nəfər ölüb. Birləşmiş Ştatların cənub sərhədlərinə yaxınlaşan bəzi mühacirlərdə odlu silah və partlayıcı qurğuların olduğu bildirilir.
Ötən həftə xəbər verilmişdi ki, miqrantların 7,2 min nəfərdən ibarət ilk dəstəsi Meksika üzərindən ABŞ-a doğru irəliləyir. Onların arasında Honduras, Salvador və Qvatemala vətəndaşları çoxluq təşkil edir.
ABŞ Müdafiə Nazirliyi Latın Amerikasından ölkəyə mühacir axınının qarşısını almaq üçün həftənin sonunadək cənub sərhədinə 5,2 min əsgər göndərəcəyini bildirib.