İQTİSADİYYAT
Daha on bir rayonda daşınmaz əmlakın qeydiyyatı üzrə mobil xidmətlər göstərilir
Bakı, 8 iyul (AZƏRTAC). Əmlak Məsələləri Dövlət Komitəsi regionlarda vətəndaşlara daşınmaz əmlakın qeydiyyatı üzrə mobil ofislər vasitəsilə xidmət göstərilməsini davam etdirir.
Komitədən AZƏRTAC-a bildirmişlər ki, iyul ayı ərzində Şamaxı, Ağsu, Qobustan, Qəbələ, İsmayıllı, Oğuz, Quba, Qusar, Xaçmaz, Şabran və Abşeron rayonlarından olan vətəndaşlar mobil qeydiyyat xidmətlərindən yararlana biləcəklər. Bunun üçün Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 148 saylı qaynar xəttinə zəng etmək lazımdır.
Mobil ofislərdə göstərilən xidmətlərə daşınmaz əmlakın qeydiyyatı üçün sənədlərin qəbulu və qanunauyğunluğunun yoxlanılması, növbəti prosedurlar barədə ətraflı məlumat çatdırılması və daşınmaz əmlakın qeydiyyatı ilə bağlı zəruri hüquqi məsləhətlər verilməsi daxildir. Vətəndaş lazımi sənədləri komitənin yerdəki xüsusi nümayəndəsinə təqdim edərək müvafiq istiqamət və məsləhətlər ala bilər. Eyni zamanda, mobil xidmət çərçivəsində daşınmaz əmlakın qeydiyyatı ilə bağlı texniki məsələlərin həlli, əmlakın müayinəsi, texniki plan-ölçüləri, mühəndislik və çöl-ölçmə işləri həyata keçirilir.
İndiyədək komitə tərəfindən respublikanın bir çox şəhər və rayonlarında mobil ofislər vasitəsilə 2700-dən çox vətəndaşa daşınmaz əmlak üzrə qeydiyyat xidməti göstərilmişdir.