İQTİSADİYYAT
Dalğıc və qəza-xilasetmə işləri idarəsi “Xidmət təminatçısı” kateqoriyalı tanınma sertifikatına layiq görülmüşdür
Bakı, 6 aprel (AZƏRTAC). Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) dalğıc və qəza-xilasetmə işləri idarəsi dənizdə neft və qaz əməliyyatlarının həyata keçirilməsində xüsusi əhəmiyyətə malik müəssisələrdəndir.
AZƏRTAC xəbər verir ki, sualtı boru kəmərlərinin çəkilişində, platformaların və digər iri obyektlərin quraşdırılmasında fəal iştirak edən idarə öz fəaliyyətində beynəlxalq sistemlərin tətbiqinə böyük önəm verir.
Dalğıc və qəza-xilasetmə işləri idarəsində ABŞ-ın “American Bureau of Shipping” Klassifikasiya Cəmiyyətinın apardığı auditin nəticəsi olaraq, idarə sualtı təftiş işlərinin yerinə yetirilməsi üçün təşkilatın “Xidmət təminatçısı” kateqoriyalı tanınma sertifikatına layiq görülmüşdür.
Sertifikatın alınması nəticəsində dalğıc və qəza-xilasetmə işləri idarəsi “American Bureau of Shipping” sinifində olan bütün üzmə vasitələrini (gəmilər, yarımdalma üzən qazma qurğuları və s.) “quru” doka qaldırılmadan sualtı videoçəkiliş aparılmaqla suda tədqiq etmək hüququ qazanmışdır.
İdarə artıq bu sertifikat çərçivəsində “American Bureau of Shipping” klasında olan gəmilərin sualtı tədqiqi işlərinə başlamışdır.