İQTİSADİYYAT
Daşkənd konfrans-yarmarkasında 580 min ton pambıq mahlıcının satışı ilə bağlı müqavilələr imzalanıb
Tədbirdə dünyanın 50-dən artıq ölkəsindən gəlmiş pambıq biznesi və toxuculuq sənayesi şirkətlərinin nümayəndələri, mütəxəssislər və ekspertlər iştirak ediblər. Sumqayıtdakı “İnter Textile” Şirkətinin rəhbəri Şakir Musayev də konfrans iştirakçıları arasında olub.
Konfransı Özbəkistanın Baş naziri Şavkat Mirziyayev açaraq ölkədə pambıqçılıq və toxuculuq sahələrində həyata keçirilən layihələr haqqında məlumat verib. Tədbirdə dünya pambıq bazarının inkişaf proqnozları, dünya toxuculuq sənayesində qabaqcıl texnologiyalar və struktur dəyişiklikləri, Özbəkistanın toxuculuq sənayesinə sərmayə qoyulması imkanları və digər mövzularda məruzələr dinlənilib.
Konfrans-yarmarka çərçivəsində 580 min ton pambıq mahlıcının, həmçinin 1 milyard dollar dəyərində toxuculuq məhsullarının satışı ilə bağlı müqavilələr imzalanıb.
Qeyd edək ki, Özbəkistan pambıq mahlıcı istehsalına görə dünyada altıncı, ixracına görə isə beşinci yeri tutur.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Daşkənd