SİYASƏT
Daşkənddə Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə böyük bayram tədbiri keçirilmişdir
Daşkənd, 31 dekabr (AZƏRTAC). Azərbaycanın Özbəkistandakı səfirliyi Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzində Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə böyük bayram tədbiri keçirmişdir.
Mərasimdə Daşkənddə yaşayan azərbaycanlı alimlər, elm və mədəniyyət xadimləri, səfirliyimizin əməkdaşları, diasporumuzun üzvləri, paytaxtın ali məktəblərində təhsil alan azərbaycanlı tələbələr, jurnalistlər iştirak etmişlər.
Əvvəlcə səfirlik adından ulu öndərin Mərkəzin yerləşdiyi binanın qarşısındakı abidəsi önünə əklil və çiçək dəstələri qoyulmuşdur.
Azərbaycanın Özbəkistandakı səfirliyinin müşaviri Akif Əliyev Prezident İlham Əliyevin Həmrəylik Günü münasibətilə dünya azərbaycanlılarına müraciətinin mətnini oxumuş, ölkəmizin Özbəkistandakı yeni səfiri Hüseyn Quliyevi mərasim iştirakçılarına təqdim etmişdir.
Hüseyn Quliyev diasporumuzun üzvləri və digər qonaqları əlamətdar bayram münasibətilə təbrik etmiş, bu tarixi günün əhəmiyyəti haqqında məlumat vermişdir. Səfir demişdir ki, Dünya Azərbaycanlılarının Həmrəylik Günü ilk dəfə ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə Naxçıvanda qeyd olunmuş, sonra Azərbaycan Milli Məclisinin qərarı ilə Azərbaycanın bütün ərazisində keçirilməyə başlanmışdır.
Səfir bu bayramın qeyd edilməsi ilə əlaqədar qəbul olunan qərarın tarixi əhəmiyyəti, planetin müxtəlif ölkələrində yaşayan soydaşlarımızın birliyi və təşkilatlanması işində ümummilli lider Heydər Əliyevin müstəsna xidmətləri haqqında da məlumat vermişdir.
Mərasim bayram süfrəsi ətrafında davam etmişdir.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Daşkənd