İQTİSADİYYAT
Daşkənddə Özbəkistan Konstitusiyasının 19-cu ildönümü münasibətilə təntənəli mərasim keçirilmişdir
Daşkənd, 8 dekabr (AZƏRTAC). Daşkənddəki “Özbəkistan” Forumlar sarayında Özbəkistanın Konstitusiyasının 19-cu ildönümü münasibətilə təntənəli mərasim keçirilmişdir.
Tədbirdə hökumətin üzvləri, deputatlar, dövlət və ictimai təşkilatların təmsilçiləri, ədəbiyyat, incəsənət və mədəniyyət xadimləri, Daşkənddə akkreditə olunmuş səfirlər və beynəlxalq təşkilatların nümayəndələri, jurnalistlər iştirak etmişlər.
Özbəkistanın Dövlət himni səslənmiş, Prezidenti İslam Kərimov Əsas Qanunun qəbul edildiyi 19 ildə əldə olunmuş uğurlardan danışmış, ölkə iqtisadiyyatının inkişafı istiqamətindəki tədbirlərdən söz açmış, cəmiyyətin demokratikləşməsi istiqamətində aparılan islahatlar haqqında məlumat vermişdir.
İslam Kərimov bildirmişdir ki, 2011-ci il “Kiçik biznes və sahibkarlar ili” elan edildiyi üçün bu müddətdə ölkədə böyük işlər görülmüş, Dövıət Proqramı qəbul olunmuşdur.
Dövlət başçısı 2012-ci ili “Ailə İli” elan etmişdir.
Bayram tədbiri incəsənət xadimlərinin geniş konsert proqramı ilə başa çatmışdır.
Xatırladaq ki, Özbəkistan Konstitusiyası 1992-ci il dekabrın 8-də qəbul edilmişdir.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Daşkənd