SİYASƏT
DAŞKƏNDDƏ ÜMUMMİLLİ LİDER HEYDƏR ƏLİYEVİN XATİRƏSİ ANILMIŞDIR
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Daşkənddəki Azərbaycan Mədəniyyət Mərkəzləri Assosiasiyasının üzvləri Heydər Əliyevin anım günü ilə əlaqədar mərasim keçirmişlər.
Əvvəl ulu öndərin xatirəsi bir dəqiqəlik sükutla yad edilmiş, ruhuna dua oxunmuşdur.
Assosiasiyanın sədri Akif Ağatalıbov ümummilli liderin Azərbaycanda dövlət quruculuğu sahəsindəki xidmətləri haqqında məlumat vermiş, ulu öndərin rəhbərliyi ilə ölkədə aparılan siyasi, iqtisadi, mədəni islahatlar haqqında danışmışdır.
Beynəlmiləl Mədəniyyət Mərkəzinin sədri Nəsrəddin Məhəmmədiyev qədim tarixə malik özbək və Azərbaycan xalqları arasında dostluq və qardaşlıq əlaqələrinin möhkəmlənməsi sahəsində Heydər Əliyevin müstəsna xidmətlərindən danışmışdır.
Azərbaycanın və Özbəkistanın xalq artisti Firudin Səfərov ümummilli lider Heydər Əliyevin mədəniyyət və incəsənət sahələrinin inkişafına göstərdiyi qayğıdan danışmış, Bakıda və Daşkənddəki görüşlərini xatırlamışdır.
Daşkənddə yaşayan soydaşımız Nazlı Pirməmmədova Heydər Əliyevə həsr etdiyi şeirini oxumuşdur.
Sonra mərasim iştirakçılarına ehsan verilmişdir.