Daşkənddə Xocalı faciəsinin 23-cü ildönümü anılıb
Daşkənd, 27 fevral, AZƏRTAC
Azərbaycanın Özbəkistandakı səfirliyi və bu onun nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi Xocalı faciəsinin 23-cü ildönümü ilə bağlı anma mərasimi keçirib.
Tədbirdə Özbəkistanda səfərdə olan Azərbaycanın iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev, Daşkənddə akkreditə olunan diplomatik korpusun nümayəndələri, bu ölkənin elm, mədəniyyət və incəsənət xadimləri, diasporumuzun üzvləri, jurnalistlər iştirak ediblər.
Mərasim iştirakçıları əvvəl Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və Xocalı faciəsi ilə bağlı kitab və fotoşəkillərindən ibarət sərgiyə baxıblar.
Xocalı faciəsi qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra Azərbaycanın Özbəkistandakı səfiri Hüseyn Quliyev bu qətliam barədə ətraflı məlumat verib. Səfir deyib ki, Xocalı faciəsi erməni millətçiləri tərəfindən Azərbaycan xalqına qarşı törədilən soyqırımı və etnik təmizləmə siyasətinin nəticəsidir. XX əsrdə baş vermiş Xocalı faciəsi təkcə Azərbaycan xalqına deyil, ümumilikdə bütün bəşəriyyətə qarşı törədilən vəhşilikdir.
Səfir qeyd edib ki, bu günə qədər Rumıniya, Kolumbiya, Honduras, Serbiya, Peru, Panama, Pakistan, Meksika, İordaniya, Bosniya və Herseqovina, həmçinin ABŞ-nın 16 ştatı, bir sıra beynəlxalq təşkilatlar Xocalı soyqırımını rəsmi olaraq tanıyıb.
Türkiyənin Özbəkistandakı səfiri Namik Önər ermənilərin tarix boyu azərbaycanlılara və türklərə qarşı törətdikləri vəhşiliklərdən danışıb. Xocalı faciəsinin dövrün ən qanlı soyqırımlarından biri olduğunu bildirən N.Önər deyib ki, biz bu qətliamı öz faciəmiz kimi qəbul edirik. Türklər Xocalı faciəsini heç zaman unutmayacaq.
Daşkənddəki Beynəlmiləl Mədəniyyət Mərkəzinin direktoru Nəsrəddin Məhəmmədiyev ermənilərin və onların havadarlarının Xocalıda törətdikləri cinayətləri pisləyib, onların bu qanlı əməllərinə görə cavab verməli olacaqlarını vurğulayıb.
Sonra Xocalı faciəsi ilə bağlı sənədli film və “Eurovision-2011” mahnı müsabiqəsinin qalibi Nigar Camalın “Məhv edilmiş arzular” (Broken dreams) klipi nümayiş etdirilib.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Daşkənd