CƏMİYYƏT
“Davam” Gəncə şəhərində gənclərlə silsilə görüşlər keçirib
Bakı, 20 oktyabr, AZƏRTAC
“Davam” Gənclər Hərəkatı 44 günlük Vətən müharibəsinin ikinci ildönümü ilə əlaqədar olaraq “ZəfərimİZ” kampaniyası çərçivəsində gənclərlə və gənclər üçün ümumrespublika miqyaslı silsilə tədbirlər həyata keçirir.
“Davam” Gənclər Hərəkatından AZƏRTAC-a bildiriblər ki, növbəti tədbir “Davam” Gənclər Hərəkatının təşəbbüsü, Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsinin dəstəyi ilə Gəncə şəhərində təşkil edilib. Belə ki, Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Həmid Nəsirov və “Davam” Gənclər Hərəkatının İdarə Heyətinin sədri Nihad Allahyarlı Azərbaycan Texnologiya Universiteti, Gəncə Dövlət Universiteti və Azərbaycan Dövlət Aqrar Universitetində təhsil alan tələbələrlə görüşüblər.
Görüşlər zamanı Azərbaycanın 44 gün ərzində keçdiyi şanlı Zəfər yolu, regiondakı geosiyasi şərait, postmüharibə dövrünün reallıqları, “Davam” Gənclər Hərəkatının fəaliyyəti, gördüyü işlər və gənclər üçün yaratdığı imkanlar haqqında ətraflı məlumat verilib, gənclərin çoxsaylı sualları cavablandırılıb.
Ümumilikdə Gəncədə təşkil olunan görüşlərdə 800-dən çox gənc iştirak edib.
Həmçinin səfər çərçivəsində şəhərdə fəaliyyət göstərən təşəbbüs qrupları ilə səmimi görüş olub.
Görüşdə Fərəh İctimai Birliyi və “İZ” Gənclər Təşkilatının qurucuları və idarəçiliyində təmsil olunan fəal gənclərlə fikir mübadiləsi aparılıb, qarşılıqlı əməkdaşlığın perspektivləri dəyərləndirilib və gələcəkdə birgə görüləcək işlər müzakirə edilib.