CƏMİYYƏT
Daxili İşlər Nazirliyi: Borclu şəxs qismində axtarılan səkkiz nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib
Bakı, 1 dekabr, AZƏRTAC
Ötən gün ərzində törədilmiş 17 cinayətin üstü respublikanın daxili işlər orqanları tərəfindən “isti izlər”lə açılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, əvvəlki dövrlərdən bağlı qalmış dörd cinayətin açılması təmin olunub.
Axtarışda olduğuna görə ümumilikdə 21 nəfər, o cümlədən borclu şəxs qismində axtarılan 8 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Respublikanın avtomobil yollarında baş vermiş dörd ağır yol-nəqliyyat hadisəsi nəticəsində dörd nəfər ölüb, iki nəfər xəsarət alıb.
Daxili işlər orqanları əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 13 fakt müəyyənləşdirilib.
Cinayət törətməkdə şübhəli bilinən 24 nəfər saxlanılıb.